Ucar rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti məlum olub.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, qəza səbəbi ilə xəsarət alan iki nəfər (kişi) avqustun 17-də saat 03:00-da Ucar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Onlardan 2005-ci il təvəllüdlü şəxsə sol bud sümüyünün sınığı, 2003-cü il təvəllüdlü şəxsə isə sol saidin cırılmış yarası diaqnozu təyin olunub. Pasiyentlərə zəruri tibbi yardım göstərilib, hazırda müalicələri tibb müəssisəsində davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova
Ucarda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Pirkənd kəndindən keçən hissəsində baş verib.
Belə ki, Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü Qasım Adıgözəlovun idarə etdiyi "Mercedes" markalı minik avtomobilini naməlum maşın arxadan vuraraq hadisə yerindən qaçıb.
Toqquşmadan sonra avtomobil yoldan çıxaraq əvvəlcə beton arakəsməyə daha sonra işıq dirəyinə çırpılıb.
Qəza zamanı avtomobildə olan sərnişinlər - Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Tofiq Əsgərli və Gəncə şəhər sakini, 2003-cü il təvəllüdlü Mahir Ələsgərov müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.
Sürücünün dediyinə görə, gecə saatları olması səbəbindən onu vuran avtomobilin markasını görməyib.
Qeyd edək ki, bu son 2 gün ərzində Bakı-Qazax magistralının Ucar rayonundan keçən hissəsində baş verən 5-ci yol-nəqliyyat hadisəsidir.
Faktla bağlı araşdırma aparılır.