Aqşin Yenisey yazır...
Ankarada yaşadığım bu dörd il ərzində Azərbaycandakı dost-tanışdan tez-tez eşitdiyim sual budur: Anadolu türkləri ilə aramızda hansı fərqlər var? Bəri başdan deyim ki, oxşarlıqlarımız fərqlərimizdən qat-qat çoxdur. Amma əsas fərq, mənə görə, Anadolu türklərinin modern çağın peşəkarlaşma, professionallaşma kimi əsas prinsipini bizdən fərqli olaraq daha dərindən mənimsəmələridir ki, bunun da əsas səbəbi Türkiyənin əvvəlcə faşist Almaniyası, daha sonra ABŞ kimi elmi-texnoloji intibahın vətəni olan iki ölkə ilə uzun illər müttəfiq olmasıdır. Xüsusilə hərbi, tibbi sahədə uzmanlaşma Türkiyədə peşəkarlıq fəsləfəsini yuxarıdan aşağı bütün sahələrə yayıb.
Biz Qərb mədəniyyətinin rusların senzuarsından keçdikdən sonra ala-yarımıçıq mənimsədiyimiz maarifçilik, həm də humanitar maarifçilik səviyyəsində ilişib qaldıq. Rusların özləri də modernizmi İkinci Dünya müharibəsindən sonra zavodlar, hazır avadanlıqlar şəklində söküb Almaniyadan gətirdikləri texniki proyektlər şəklində özününküləşdirdilər.
“Sturmgewehr” alman avtomata baxıb Kalaşnikov silahını yaratdılar, Müttəfiqlərin müharibə qəniməti kimi öz aralarında böldükləri alman sualtı qayıqlarına baxıb rus sualtı qayıqlarını istehsal etdilər. Yaxud almanlardan əkişdirdikləri V-2 roketləri haqqında bilgi rusları cəmi 16 ildən sonra kosmosa uçurdu. Ruslar indiyədək müharibədən qalma alman texnologiyasını modernizasiya etməklə məşğuldurlar. Çünki peşəkarlığı, professionallığı texniki səviyyədə məniməsdilər.
Həm də imperiyanın daxili rifahı üçün deyil, xarici imici üçün. Türkiyə isə Almaniyanın dalınca ABŞ-ın müttəfiqi olmaqla modernizmi texniki tərəqqi olmaqla yanaşı, həm də sosial fəlsəfə olaraq mənimsədi. Bu gün Hacettepeli bir tibb professoru (ABŞ-la müttəfiqliyin nəticəsi olaraq) təkbaşına bütöv bir xəstəxana deməkdir, Qərbdən mənimsədiyi peşəkarlaşma, uzmanlaşma prinsipi nəticəsində.
Biz heç bir sahənin peşəkarı, uzmanı deyilik. Ona görə ki, modernizmin fəlsəfəsindən xəbərimiz yoxdur. Ona görə də mən bütün yazılarımda oxucularıma Liotar kimi postmodernizmi öyən müəllifləri deyil, Giddens, Gellner kimi postmodernizm örtüyü altında şeytaniliyin gizləndiyini söyləyən müəllifləri tanıtmaq istəyirəm. Çünki artıq yüz ildir ki, pulu ancaq peşəkarlığa, uzmanlığa yatıran dünyada bizim kimi “göy üzünün o üzünə heyran olan” həvəskarları tarix lazımsız yük kimi yarı yolda atıb gedəcək.
İngilis alimi Giddens iddia edir ki, digərlərinin sübut etməyə çalışdığı kimi modern dövr başa çatmayıb və postmodernizm deyə yeni bir dövr filan yoxdur. Postmodernizm, sadəcə, modernizmin özünə tənqidi bir baxışıdır. İnkişaf etmək istəyən ölkələr, cəmiyyətlər hələ uzun illər modernizmin prinsiplərindən bərk-bərk yapışmağa məhkumdurlar.
Giddensə görə modern cəmiyyətlər ənənəvi cəmiyyətlərdən fərqli olaraq hər şeydən əvvəl davamlı olaraq dəyişməyə məhkumdurlar. Dinamiklik modernizmin vacib şərtidir. Modernizmin əsas prinsiplərindən biri sürəkli olaraq özünü yenilmədir ki, biz belə bir istəyi və ehtiyacı özümüz kimi ənənəvi qanunlarla yaşayan ölkələrdə müşahidə etmirik. Hətta dəyişiklik fikri bizi vahimələndirir. Çünki gələcək haqqında hesablanmış nəticələrə söykənən təsəvvürlərimiz yoxdur.
Məsələn, bəzən Yaponiyanı, Sinqapuru, Cənubi Koreyanı Şərqin inkişafı kimi bizə sırımaq istəyənlərlə rastlaşırıq. Halbuki tarixin bir az əvvəlindən, bir az ortasından, bir az da axırından oxuyan hər kəs bilir ki, Yaponiyada, Sinqapurda, Cənubi Koreyada inkişafa nail olan Şərq deyil, Şərqdəki Qərbdir.
Amerikalılar İkinci Dünya müharibəsindən sonra Yaponiyanı işğal edib, onlara ordu saxlamağı qadağa qoyub, orduya ayrılan imperator büdcəsini elmi layihlərə yönəltməyi tələb etməsəydilər yaponlar hələ də bir-birilərinin dalına barmaq etmələrini milli ruhun təzahürü sayan kanşo adətləri ilə öyünürdülər.
Yaxud Sinqapur təhsil sistemində amerikalı alim Hovard Hardnerin yaratdığı “Hardner modeli”ni əsas götürməsəydi, çox güman Sinqapur gəncləri hələ də yeməyi sağ, yoxsa sol əllə yeməyin fəziləti haqqında bir-birilərini qıracaqdılar (Sinqapurda milli inanca görə, sağ əl müqəddəs, sol əl mürtəd sayılır).
Demək istədiyim odur ki, bu gün danyada inkişaf etmiş bir Şərq varsa, o da Qərb modernizmini mənimsəmiş, öz Şərq ruhunun başını buraxmış Şərqdir. Dəyişən Şərqdir. Bir də ağlın mühakiməsinə məruz qalmamış, mıxməmməd kimi diri-diri tarixin bir küncündə qaxac olub oturmuş dəyişməz bir Şərq var ki, adını çəkib özümü onun kor yolçularına söydürmək istəmirəm.
Bəs necə oldu ki, dünyada öz milli ənənələri ilə məşhur olan bu klassik Şərq ölkələri modern Qərb dəyərlərini bu cür sürətlə mənimsədilər. Bu sualın cavabı da Entoni Giddensin modernizm haqqındakı düşüncələrində yer alır. Belə ki, modernizmin əsas prinsiplərindən biri zaman və məkan ayırılmasıdır.
Modernist özünü məkana deyil, zamana hesablamış adamdır. Eləcə də modernizm fəlsəfini mənimsəmiş ölkələr məkanın deyil, zamanın nəbzini tutmağa cəhd edən ölkələrdir. Bu gün dünyada dəyərinizi hansı məkanda deyil, hansı zamanda yaşadığınız müəyyən edir.
Çikaqoda yaşayıb mənə dinimizin gözəllikləri haqqında səsli mesaj göndərən azərbaycanlıdansa, Kəleybərdən qırağa çıxmayıb mənə söz və fikir azadlığı haqqında məqalə göndərən azərbaycanlı daha faydalı və dəyərli şəxsdir.
Yaponlar, Cənubi Koreyalılar, Sinqapurlular zamanlarını dəyişdilər, özlərini tarixin invertarı olmaqdan xilas etdilər. Modernizm zamanla yarışmaqdır. Giddens bir ölkənin, bir cəmiyyətin bu yarışı qazanması üçün peşəkarlara, uzmanlara ehtiyacı olduğunu söyləyir ki, bu cür peşəkarların yetişməsi üçün həmin ölkənin, cəmiyyətin, ölkə, cəmiyyət olaraq modernizmin sosial fəlsəfəsini mənimsəməsi lazımdır. Bir Əhməd Ağaoğlu ilə bahar olmaz. Modern cəmiyyətdə yetişib gələr, biz ondan iki dənə cin adı soruşub, yazığı içki düşkünü, kefli İsgəndərə çevirərik.
Giddens modernizmin “juggernaut”, yəni əzici mexanizm olduğundan da gileylənir. Amma bu gileyin bizim kimi bir az ağır xəstəsi olanda dünya səyahətinə çıxan ənənəçi cəmiyyətlərə dəxli yoxdur. Biz modernizmin faydasını görmədiyimiz kimi ziyanını da görməmişik. İkincisi, bəyəm ilahi ideyalar azmı insan qətlə yetirib? Avopada “tanrının cəzasıdır” deyən kilsə inancı 75 milyon insanı vəba xəstəliyi ilə yox etmədimi? Siyasətin əlində pambıq da baş kəsmək üçün silahdır.
Buna baxmayaraq, Giddens də, həmkarı Gellner kimi postmodernizmi rədd edir. Giddensə görə, kapitalist dünyanın postmodern ola bilməsi mümkünsüzdür, postmodernizm, sadəcə, modernizmin davamı, modernizmin özünə qıraqdan baxışıdır.
Modernizmin özü-özünü anlamağa cəhd etməsidir. Modernizm vaqonlarından biri olan postmodernizim də özü ilə dartıb aparan bir paravozdur, lokomativdir. İnsan gecə-gündüz mənəvi-texnoloji modernizasiya ilə məşğuldur. Giddens iddia edir ki, əgər postmodernizm özünü yeni dövrün intibahı kimi göstərmək istəsə, qarşısında indikindən daha radikal bir modernizm görəcək.
Heyif ki, bu gedişlə bütün bunların bizə heç bir isti-soyuğu olmayacaq.