Gəncədə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Gəncə şahmat şəhəri” layihəsi Gəncə Şahmat Məktəbində keçirilib.
Oxu.Az xəbər verir ki, əsas məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması və eləcə də şahmat idmanının gənclər arasında təbliği olan layihədə 30 nəfər uşaq və yeniyetmə iştirak edib.
Layihə rəhbəri Kamran Məmmədovdan aldığımız məlumata görə, çempionat 7 turdan ibarət olub. İştirakçılar 2 yaş qrupunda mübarizə aparmış, qaliblər sertifikat və hədiyyələrlə təltif olunmuşlar.
Mükafatlandırma mərasimində Gəncə Şəhər Şahmat Məktəbinin müəllim və hakim heyəti ilə yanaşı Gəncə Şəhər İcra hakimiyyətinin nümayəndəsi, Gəncə Şəhər Gənclər və İdman İdarəsinin nümayəndəsi, eləcə də valideynlər iştirak ediblər.
Çempionatın keçirilməsinə Gənc Şəhər Şahmat Məktəbi ilə yanaşı, Gəncə Şəhər Gənclər və İdman İdarəsi də yaxından dəstək olub.