Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Gəncədə şüalanma təhlükəsi: "Mobil operatorların qurğuları bizi xəstə salıb"
Gəncə şəhərinin Füzuli küçəsində yaşayan sakinlər ərazidə quraşdırılan retranslyator qurğusunun yaratdığı narahatlıqdan şikayətçi olublar.
Oxu.Az-a ünvanlanan müraciətdə bildirilir ki, əhalinin sıx məskunlaşdığı küçədə mobil operatorlara məxsus retranslyator qurğusunun yerləşdirilməsi onların sağlamlığına mənfi təsir göstərir:
"Başağrısından dura bilmirik, gözlərimiz zəifləyib. Bu, birbaşa bizim şüalanma altında yaşamağa məcbur olmamız deməkdir. Hara müraciət etsək də, məsələyə baxan yoxdur", - deyə şikayətdə vurğulanıb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirildi ki, bu barədə mərkəzə heç bir şikayət daxil olmayıb.
"Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş "Ötürücü radiotexniki obyektlərin yerləşdirilməsinə və istismarına dair sanitariya normaları və qaydaları"na əsasən, bu tip antenalarda sanitar mühafizə zonaları dəqiq təyin olunmur. Bu məsafələrin təyini laborator müayinələrin nəticəsindən asılıdır.
Şikayətçinin mənzilində elektromaqnit dalğalarının səviyyəsini laborator müayinələr aparıb ölçdükdən sonra antenanın zərərli olub-olmaması haqqında rəy vermək olar.
Vətəndaşların müraciətləri və şikayətləri olduğu təqdirdə "Respublika Gigiyena və Epidemiologiya Mərkəzi" PHŞ-nin (012) 421-13-93, (012) 421-76-51 nömrəli qaynar xətti ilə əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına göndərə bilərlər", - deyə məlumatda qeyd olunur.
Məsələ ilə bağlı İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) sorğu ünvanlasaq da cavab ala bilmədik.
Əzizə İsmayılova