Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Gəncənin məşhur xəstəxanasından ŞİKAYƏT: "Həkim deyir, mənə nə pul çatır ki?"
Gəncə Şəhər Birləşmiş Xəstəxanası nəzdində fəaliyyət göstərən Akademik Zülfüqar Məmmədov adına xəstəxana ilə bağlı şikayət videosu yayılıb.
Oxu.Az xəbər verir ki, video sosial şəbəkələrdə paylaşılıb.
Şikayətçi vətəndaşın sözlərinə görə, o, 13-15 yanvar tarixlərində Gəncə şəhərindəki Akademik Zülfüqar Məmmədov adına xəstəxanada nöqsanlarla üzləşib.
Şikayətçi qeyd edib ki, qan analizində valideyninin damarını partladıblar, ultrasəs müayinəsi üçün qeydiyyata müraciət etdikdə qeydiyyatçı xanım məlumatsız olduğunu dilə gətirib. Xanım iddia edir ki, xəstəxanadakı müxtəlif qeydiyyat şöbəsində çalışan əməkdaşlar prosedurlardan məlumatsız olduqlarını vurğulayıblar və aqressiv reaksiya göstəriblər.
Vətəndaş bildirib ki, saatlarla ultrasəs müayinəsi üçün növbə gözləsə də, həkim sonda 1 dəqiqəlik müayinədən sonra sualları cavabsız qoyub:
"Həkimi danışdırırsan, deyir, mənə nə pul çatır ki buradan?"
O əlavə edib ki, qeydiyyat şöbəsinin adı bir çox yerdə düzgün qeyd edilməyib.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanası nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxana ilə bağlı səsləndirilən şikayətlər hazırda araşdırılır:
"Məlumatlar dəqiqləşdirildikdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək. Qeyd edək ki, vətəndaşın özü ilə də əlaqə saxlanılacaq, işində nöqsana yol verən əməkdaşlar olarsa, onlar haqqında müvafiq tədbir görüləcək".
Məhərrəm Əliyev
Rəylər