Azərbaycanda yaşı 30-dan aşağı olan ev təsərrüfatı başçılarının 69.9 faizi üç və daha çox otaqlı mənzillərdə yaşayır.
Oxu.Az xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin 2025-ci il ev təsərrüfatları tədqiqatının yekunlarına əsaslanan məlumatında yer alıb.
Məlumata görə, gənclərin ev təsərrüfatlarının 89.5 faizi şəxsi mülkiyyətində olan yaşayış yerlərində yerləşir.

"Dövlətə məxsus mənzillərdə yaşayanların payı 8.7 faiz, bələdiyyə mülkiyyətində olan evlərdə yaşayanların payı isə 0.6 faiz təşkil edir. Hüquqi şəxslərə məxsus və fiziki şəxslərdən kirayəyə götürülmüş yaşayış yerlərinin hər birinin payı 0.6 faizdir.
Yaşayış yerlərinin növünə gəlincə, gənclərin 54.9 faizi fərdi yaşayış evlərində, 42 faizi isə ayrıca mənzillərdə yaşayır. Yataqxanalarda yaşayanların payı 3.1 faizdir.
Otaqların sayına görə bölgüdə isə üç və daha çox otaqlı mənzillər üstünlük təşkil edir. Belə ki, gənclərin 69.9 faizi bu tip mənzillərdə yaşayır. İkiotaqlı mənzillərdə yaşayanların payı 24.6 faiz, birotaqlı mənzillərdə yaşayanların payı isə 5.5 faizdir", - deyə məlumatda qeyd olunur.