Göyçay rayonunda ölümlə nəticələnən ağır avtomobil qəzası baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Rayon Polis Şöbəsinindən verilən məlumata əsasən, hadisə bu gün saat 13:30 radələrində Göyçay-Bərgüşad yolunun 1-ci kilometrliyində, Cəyirli kəndi ərazisində qeydə alınıb. Cəyirli kənd sakini 1990-cı il təvəllüdlü Abışov Məhəmməd Paşa oğlunun idarə etdiyi 10-HM-700 dövlət nömrə nişanlı “VAZ 21015” markalı minik maşını yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yolun kənarında dayanan traktora çırpılıb.
Zərbənin təsiri nəticəsində avtomobil yararsız hala düşüb, sürücü 24 yaşlı Məhəmməd Abışov ağır kəllə-beyin travması, onurğa sütunun və ayağının sınığı, daxili orqanlarının əzilməsi və digər xəsarətlərlə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
O, 4 saatdan sonra xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.