Əməkdar mədəniyyət işçisi, rejissor Gülçöhrə Şəfiyevanın vəziyyəti stabildir.
Bu barədə Oxu.Az-a aparıcı Nuran Hüseynov məlumat verib.
Xatırladaq ki, Əməkdar mədəniyyət işçisi, rejissor Gülçöhrə Şəfiyevanın ayağı amputasiya edilib. Bu barədə məlumatı aparıcı Hacı Nuran Hüseynov öz “Instagram” profilində paylaşıb. O, 74 yaşlı rejissorun fotolarını paylaşaraq, uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkdiyini və ağrıları olduğu üçün ayağının amputasiya edildiyini yazıb.
Onun sözlərinə görə, qocaman rejissor bir neçə müddətdir ki, şəkər xəstəliyindən əziyyət çəkir:
“Gülçöhrə xanım mayın 19-da əməliyyat olunub. Bir neçə müddətdir ki, ağır şəkər xəstəliyindən əziyyət çəkir. Şəkəri yüksək olduğu üçün vəziyyəti çox pisləşib. Şəkərinin səviyyəsini aşağı sala bilmirdilər. Ayağında çürümə gedib. Həkim deyib ki, “bədənində qan işləmir”. Məcbur amputasiya olunub. Bir neçə il öncə yoldaşı rəhmətə gedib. Özü də bir neçə il öncə açıq ürək əməliyyatı keçirib”.
N.Hüseynov qeyd edib ki, xəstəlik digər ayağına da təsir edə bilər:
“Yarası sağalandan sonra ayağına protez qoyulmalıdır. Öz hesabına müalicə alır. Bir tək istəyi protez qoyulmasıdır. Tibdə elədir ki, dərhal protez qoyula bilməz. Yara bağlanandan sonra olacaq. Şəkərinin səviyyəsi yenə də yüksəkdir. Bu səbəbdən müalicələri davam edir. Yaşı da çoxdur. Xəstəlik o biri ayağına da təsir edə bilər”.
Qeyd edək ki, Prezident təqaüdçüsü Gülçöhrə Şəfiyeva Heydər Əliyev Sarayının keçmiş baş rejissoru olub.
Nəzrin Vahid
Rəylər