Son günlər Azərbaycanda tez-tez baş verən intihar halları cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biridir.
Azərbaycan Xəbərləri bu məsələ ilə bağlı Məşədi Dadaş məscidinin imam camaatı, ilahiyyatçı-alim Hacı Şahin Həsənlinin mövqeyini öyrənib.
Ş.Həsənlinin son vaxtlar Azərbaycanda tez-tez intihar hadisələrinin baş verməsi ilə bağlı çox təəssüf etdiyini bildirib.
“Ümumilikdə, bu gün dünyada belə bir mənfi tendensiya var. İnsanlar bunu çox vaxt sosial problemlərlə bağlasalar da, mən bununla razı deyiləm. Düşünürəm bunun səbəbini təkcə sosial məsələlərdə axtarmaq düzgün deyil. İntihar hadisələri daha çox mənəvi səbəblərlə bağlıdır. Belə ki, bəzən tam maddi rifah içində olan ailələrdə belə intihar hadisələri baş verir:
“İntihara aparan ən başlıca səbəb insanın mənəvi düşgünlüyü və mənəvi boşluğudur. İntihar insanın bir növ acizliyinin göstəricisidir və İslam dinində də insan hər hansı kritik duruma düşərsə buna səbir etməli və ümidini kəsməməlidir, yəni bədbinliyi və Allahdan ümidsizliyi İslam qətiyyətlə qadağan edir. İntihar hadisələri eyni zamanda İslam dinində böyük bir günahdır, yəni elə bir günahdır ki, insanın əbədi əziyyətə düçar olmasına səbəb olur. Məhəmməd peyğəmbər (s.a.s) buyurub ki, intihar edən şəxs əbədi əzaba düçar olacaq. İstənilən halda, insan Allaha inamını itirməməli, ümidini itirməməlidir. Həyati problemlərlə qarşılaşarkən onlara sinə gərməli, imtahanlardan çıxmağı bacarmalı, ağır sınaqlara davam gətirməlidir. İnanclı insan, Allaha söykənən insan heç zaman bu kimi hadisələrə əl atmaz”.
Din xadiminin sözlərinə görə, hətta Allahın sadiq bəndələri də sıxıntılarla qarşılaşıblar.
“Lakin onlar bu sıxıntılarla qarşılaşarkən intihar barədə fikirlərlə deyil, ümidlərlə yaşayıblar və hər an öz həyatlarından razılıqlarını bildiriblər. Hansısa mənəvi problemlərlə qarşılaşmaq heç də son demək deyil, bəlkə bu çətinliklər insanda hansısa gizli istedadları aşkarlaya bilər!? Sən üzgüçülük barədə yüzlərlə kitab oxuya bilərsən, amma üzməyi bacarmaq üçün mütləq suya baş vurmalısan, su ilə mübarizə aparmalısan ki, boğulmayasan. Mənəvi problemlər də belədir, onlarla qarşılaşdıqda təslim olmalı deyil, mübarizə aparmalısan” – deyə, o vurğulayıb.
Hacı Şahin Həsənlinin sözlərinə görə, əgər həyata baxışlarımız düzgün olarsa, belə intihar halları ilə daha az qarşılaşarıq:
“Onu da qeyd etməliyəm ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti inanclıdır. Dini ayinləri icra etməyənlər belə Allaha inanırlar. Belə mənfi halların qarşısını almaq üçün isə həm dini qurumlar, həm də mətbuat bu sahədə təbliğatı gücləndirməli, və insanları intiharın çox ağır günah olması barədə məlumatlandırmalıdır”.
Azərbaycan Xəbərləri
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin