“Kollektivlərdə çalışan insanlarda kütləvi yoluxmalar qeydə alına bilər. Bu halda həmin adamlar ünsiyyətdə olduğu şəxsləri də yoluxdura bilər”.
Oxu.Az xəbər verir ki, bu sözləri İctimai İslahatlar Mərkəzinin eksperti, həkim Nabil Seyidov ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində deyib.
Almaniyada ət məhsulları ilə işləyən insanlarda koronavirusa kütləvi yoluxma aşkarlanmasına dair faktlara münasibət bildirən həkim qidaların yaxşı bişirildiyi halda risk amilinin azaldığını deyib:
“TƏBİB rəhbərliyi də qeyd etmişdi ki, insanları müxtəlif qida məhsulları ilə təchiz edən müəssisələrdə yoluxma halları baş verə bilər. Qidalarla bağlı AQTA və ÜST nümayəndələri dəfələrlə məlumat veriblər ki, bu məhsullar yaxşı bişirilərsə, risk amili azalır. Ət məhsulları yaxşı hazırlanarsa, yuyulması mümkün olan qidalar yuyularsa, eyni zamanda digər qida məhsullarında düzgün termiki tələblərə riayət olunarsa, yoluxma halları qeydə alınmaz.
Bu gün Azərbaycanda çiy şəkildə istehlak edilən balıq məhsulları var. Tövsiyə edərdim ki, insanlar suşi və digər çiy şəkildə istehlak edilən qidalardan uzaq dursunlar. Əks təqdirdə, virusa yoluxma riski yüksək ola bilər. Eyni zamanda, ət və ət məhsulları istehsal edilən müəssisələrdə gigiyenik normalara qat-qat daha çox riayət olunmalıdır”.
Könül Cəfərli