Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Hidayət hansı ailədən çıxıb?
Kubra Məhərrəmova yazır...
Dünəndən Hidayət Heydərovun ailəsini düşünürəm.
O Hidayət ki, Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi oldu.
Hidayətin Fransada qələbə əldə etdiyi anı, qələbə döyüşünü ailəsi Azərbaycanda izlədi və ailənin sevinci videonun yaddaşına həkk oldu. Bu görüntülər məni çox fərəhləndirdi. Həqiqətən də, övladın uğuru adamın öz uğurundan qat-qat əziz və şirindir.
Videoda çox adi, sıravi, zəhmətkeş bir ailə görürük. Amma o ailədən dünya, olimpiya çempionu çıxır. (Ailəni yaxından tanımıram, görüntülərdən gəldiyim qənaət budur). Tam səmimi deyirəm, bu gün bütün Azərbaycan Hidayət Heydərovla fəxr edir. Lakin ən böyük qürur və sevinc məhz o ailənindir. Onların payı, onların haqqıdır.
İndi isə diqqəti buna çəkmək istəyirəm. Bu gün çoxları özünün yaratdığı uğursuzluğundan, savadsızlığından, tənbəlliyindən yox, dəstəyin olmamasından şikayət edir. "Bizim də yiyəmiz olsaydı, obyekt işlədərdik" fikri orta-statistik azərbaycanlı gəncin düşüncəsidir. Amma o "obyekti" ona versən nəyi-necə edəcəyini bilməz. Olanı da batıracaq. Çünki ilk növbədə öyrənmək istəməməsidir. Ali təhsil almasın, amma hər hansı bir işi öyrənsin istəyi də yoxdur on(lar)da.
Ümumiyyətlə əksəriyyət artıq zəhmət çəkmək istəmir. Onların arzusu havayı pul gəlsin haradansa və yaşasınlar. Özü də "babat", "Instagram" həyatı yaşasınlar.
Fikir verin, nə qədər cavan qız-oğlan avara-avara hər gün küçələrdə veyillənir. Və hamısı da şikayətçi. İş yoxdur, pul yoxdur, şərait yoxdur deməklə.
Bizim təhsildə (həm orta, həm ali) çox böyük problemimiz var və bu müzakirə olunmur. Bizim çox böyük tələb-təklif problemimiz var. Məsələn Azərbaycanda normal ali təhsilli aqronom tapa bilməzsən. Çünki insanımız üçün torpaqla əlləşmək nəsə çox utancverici məqamdır. Sadəcə diqqətinizə çatdırıram ki, bu gün Azərbaycanda aqronom üçün 2500-3000 AZN maaş təklif edirlər. ABŞ-də isə illik 65.000 dollar maaş əldə etmək olar. Bax elə o torpaqla işləməklə.
Və ya son illər Azərbaycanın ən ucqar kəndlərindən tutmuş Bakıya qədər xeyli sayda parlaq və savadlı gəncləri görürük. Onlar ABŞ-nin top universitetlərini qazanır, dünyanın tanınmış şirkətlərində çalışır, özlərinin startaplarını yaradırlar. Bir neçəsinin adını çəkirəm sadəcə: Tural Bədirxanlı, Teymur Sadıxov, Samir Sadıqov, Atilla Əsgərov və s. Deməli oxumaq adama güc verir, hər mənada.
Yenə deyəcəyik ki, Azərbaycanda ali təhsil bərbaddır. Bəli, heç kim bunun əksini iddia etmir. Amma kitabxana, internet var. Sadəcə bir xarici dili bilməklə dünyanın bütün kitabxanalarından bəhrələnmək olar. Lakin bizim gənclər yenə də "TikTok"da Baboşu, Bayramı və s. özünə kumir seçirlər, onlara oxşamaq, onlar kimi yaşamaq istəyirlər.
O çox yaxşı başa düşür ki, nəinki olimpiya çempionu, məhəllə çempionu olmaq üçün məşq etmək, çalışmaq baş işlətmək lazımdır. Bu baş səni nizam-intizama məcbur edərək müəyyən nəticə əldə etməyə vadar edəcək. Bu isə yorucudur. Hər şey daha asan olmalıdır axı... Deməli əsas problem başdadır. O baş ki, Baboşa baxanda həzz alır, ona oxşamaq istəyir, ondan heç nə çıxan deyil. O başlar, uzağı qələbə əldə edənlərə baxıb "dəstəyi olmasaydı görəsən nə edərdi?" deməklə keçəcək...
Təbii ki, dəstək çox vacibdir. Amma və lakin potensialı, düşüncəsi, ağlı və intizamı olan birinə. Dövlət hər zaman istedadlı kəslərə, xüsusən də idmançılara diqqət və qayğı göstərib. (bəziləri bu diqqət və qayğıdan sui-istifadə etsələr belə)
Elə dünən Hidayət Heydərovu ilk olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zəng edib təbrik ediblər. Ölkə başçısı və birinci vitse-prezident. Təsəvvür edirsiniz? Heç kimə sirr deyil ki, ölkə başçısı bundan sonra da Hidayəti və onun timsalında bayrağımızı ucalara qaldıranları, himnimizi səsləndirənləri daim diqqətdə saxlayacaq.
Deməli ki, nəticə göstərən hər kəsə dəstək var. Sadəcə sən döyüşməlisən, özünü sübut etməlisən. İlk növbədə özünlə, öz tənbəlliyinlə döyüşməlisən. "TikTok"da, "Instagram"da paylaşılan mənasız insanlara yox, daha çalışqan, daha döyüşkən, öz üzərində çalışan insanlara baxmalısan. Onları özünə kumir seçməlisən. Və bu, hər yaşda olanlar üçün keçərlidir.
Sonda Olimpiya oyunlarında idmançılarımızın geyindiyi uniforma ilə bağlı ikicə söz demək istəyirəm. Bu dəfə forma bir başqa gözəllikdə idi. Xarıbülbül bu dəfə bir və bütöv Azərbaycanı təmsil edirdi. 30 il ərzində biz idman yarışlarında ermənilərə qalib gələn idmançılarımıza baxaraq qürurdan köks ötürürdük. Allah tərəfi, uşaqlar da heç vaxt kürəklərini yerə vurmurdular, ən azı ermənilərlə yarışa, mübarizəyə keçəndə ölüm-dirim savaşına çıxırdılar. Hamısı yadımızdadır. Amma içimizdə böyük uğursuzluq var idi.
Bu gün idmançılar da fərqli danışır. Necə ki, Hidayət Heydərov dedi: "Fransada hər kəs Azərbaycan himnini ayaq üstündə dinləyəcək".
Bu qələbə münasibətilə bütün Azərbaycan xalqını, Hidayəti hazırlaşdıran, onunla birlikdə əziyyət çəkən hər kəsi təbrik edirəm.
Qələbələr davamlı və möhkəm özüllü olsun. Ümid edirəm ki, Azərbaycanın idman tarixində düz dörd ildən sonra ikiqat Olimpiya çempionumuz olacaq. Digərləri kimi idman karyerasına son verməz.
"Hidayət Heydərov" teqi üzrə xəbərlər
- Azərbaycan idmançılarının yeni reytinq cədvəli: Hidayət Heydərov ikinci pillədə qərarlaşıb
- Beynəlxalq Cüdo Federasiyası Hidayət Heydərovla bağlı videoçarx hazırlayıb
- Azərbaycanlı idmançıların oktyabr ayı üçün reytinq cədvəli açıqlanıb
- Azərbaycan idmançılarının sentyabr ayına olan reytinq cədvəli açıqlanıb
- Olimpiya çempionu olan cüdoçulara mənzillər hədiyyə olundu
Rəylər