Qan Turalı yazır...
Tez-tez sosial mediada belə paylaşımlar görürük: Bu qızın əri, qardaşı hara baxır? Videoya baxdıqda isə toyda rəqs edən bir qız görürük, vəssalam. Hər bir toyda ola biləcək bir hadisə... Ancaq paylaşımın üzərində yazılan qeyd insanların qəzəbini püskürtmək üçün kifayətdir.
Ya da kontekstdən çıxardılmış bir fikir. Misal üçün, "Maliyyə naziri banka pul qoyur". Bu xəbəri oxuyandan da məlum olur ki, Maliyyə Nazirliyi bir neçə yüz milyonu əmanət kimi aylıq faizə qoyaraq gəlir əldə edir və bu pul da əlbəttə ki, büdcəyə əlavə olunur. Rəy bölməsində isə xəbərin məğzinə fikir verən də yoxdur.
Hər il olduğu kimi bu il də ingilis dili lüğətini hazırlayan Oksford Universiteti Nəşriyyatı ilin sözünü seçdi. Bu söz isə qəzəb yemidir. (İngilis dilində "Rage bait," "rage" qəzəb deməkdir, "bait" isə yem). Bu bir növ qarmağa soxulcan atıb balıq ovlamağa bənzədilir. Balıq öləcəyini bilmədən yemə cumur.
Bir sözlə "tırka" vermək desək, daha anlaşılan olar. Qəzəb yemi də elə bu deməkdir. İnsanlar mahiyyətinə varmadıqları bir hadisə ilə bağlı soxulcana hücum edirlər. Məqsəd onları qəzəbləndirmək, əsəbiləşdirməkdir. Oksford lüğəti qəzəb yemi ifadəsini belə şərh edir: "Əsəbpozucu, qızışdırıcı, qəzəb və aqressiya yaratmaq məqsədi ilə hazırlanan sosial məzmun". Məqsəd isə daha çox oxucu cəlb etməkdir.
Oksforddan verilən açıqlamada Kasper Qratoul bildirib ki, əvvəlki dövrdə insanların hansısa keçidə toxunmağımıza fokuslanırdılar, indi isə duyğularımızı, reaksiyalarımızı ələ keçirməyə çalışırlar: "Alqoritmlər də qəzəb və nifrətimizi körükləyir, biz müntəzəm şəkildə bu cür hücumlara məruz qalırıq və nəticədə zehni yorğunluğa düçar oluruq. Qəzəb yemi anlayışı da təkcə trend olmayıb, həm də rəqəmsal platformaların düşüncə və davranışlarımızı müəyyənləşdirdiyini göstərir".
Bu qəzəb yemi bir çox sahələr üzrə atılır. Siyasətlə bağlı, idmanla bağlı, hökumətlə bağlı, dinlə bağlı... Misal üçün, insanları qıcıqlandırmaq üçün din, dinin müqəddəs saydığı insanlarla bağlı paylaşımlar edilir. İnsanlar isə qəzəb və əsəblə reaksiya verirlər. Paylaşım çoxlu diqqət görür, şərhlər, bəyənmələr, qəzəb işarələri və s. vəssalam, missiya tamamlandı.
Bizdə daha çox əxlaq üzərindən paylaşımlar edilir. Misal üçün, bir restoranda oxuyan dekolteli bir müğənninin videosu paylaşılır. Üstündən də yazılır ki, ailə olan yerdə belə paltarla səhnəyə çıxarlar? Tez hamı ora tökülür, ailə həyatının müqəddəsliyi ilə bağlı yazırlar, ya da birbaşa müğənnini təhqir edirlər. Heç birinin də ağlına gəlmir ki, sən qeyri-əxlaqi hesab etdiyin məzmunu niyə yayırsan? Ya da səhnəyə çıxan müğənni nə geyinməlidir? Axı səhnə geyimi deyilən bir şey var...
Maraqlıdır ki, Kembric lüğətinin seçdiyi ilin sözü də sosial media ilə bağlıdır. Hər iki seçim sosial medianın həyatımızda nə qədər əhəmiyyətli yer tutduğunu və psixologiyamıza nə qədər təsir etdiyini göstərir.
Kembric lüğəti isə "parasosial" sözünü seçib. Bu sözün mənası isə məşhurlar, sosial media fenomenləri və süni intellekt sistemləri ilə birtərəfli və patoloji ünsiyyət nəzərdə tutulur. Əslində bu söz 1950-ci illərdə özünə vəsiqə qazanmışdı. Ancaq o dövrdə bu söz fanatlara aid edilirdi. Müasir dövrdə isə insanlar şəxsən tanımadıqları sosial fenomenlərə özlərini həddən artıq yaxın hesab edirlər. Hər gün onların paylaşımlarına baxan fanatlarda sosial fenomenləri öz həyatlarında ola biri sanırlar. Eyni dərəcədə insanlar öz tənhalıqlarını süni intellekt sistemləri ilə doldurmağa çalışırlar. Bütün hallarda bu münasibətlər sağlam deyil. Göründüyü kimi, "parasosial" sözü kütləvi psixozu, küll halda cəmiyyətin zehni sağlamlığını itirdiyini göstərir.
İstər, "qəzəb yemi", istərsə də "parasosial" seçimləri bəşəriyyətin heç də düzgün yolda olmadığını göstərir. Guya bəşəriyyət düzgün yolda idi ki?