Oxu.Az Umid.az xeyriyyə təşkilatının təsisçisi İrina Əyyubzadə ilə müsahibəni təqdim edir:
- İrina necə oldu ki, xeyriyyəçilik ilə məşğul olmağa başladınız?
- Bu işin təməli təxminən 8 il öncə, indi Disput.az adlanan forumda qoyulmuşdu. Əvvəlcə mən bir çoxları kimi sadəcə maliyyə dəstəyi göstərirdim. Bu, ən asanı idi, həm vicdanın təmizdir, həm də əsəblərin qaydasındadır. Çünki indi etdiyim, böyük məsuliyyət, narahatçılıq və daimi stressdir. Biz hər zaman gərginlik içindəyik – hesabatlar, pullar, qəbzlər – başqasının maliyyəsi üçün cavab vermək asan iş deyil. Bizim forumda qayda var – qəbzlərsiz, müalicə üçün hesablarsız, diaqnozu təsdiqləyən sənədlər olmadan mövzu açılmayacaq.
- Bəs bu xeyirxah, amma çətin və məsuliyyətli işə özünüzü həsr etmək üçün təkan nə oldu?
- Dediyim kimi əvvəlcə sadəcə pul ilə yardım edirdim, dəfələrlə uşaq evlərinə, qocalar evinə gedirdim. Amma bir dəfə mənə tanış bir qadın müraciət etdi, onun ciddi xəstəliyi olan uşağı var idi. Uşağın adı Rüstəm idi, böyrək xərçəngindən əziyyət çəkirdi və onun cəmi iki yaşı var idi. Müalicə üçün 40 000 avro lazım idi. Bu, forumda açdığım ilk mövzu idi, lazımi vəsaiti toplamaq üçün yardım istədim. Allaha şükür, xeyirxah insanlar cavab verdilər, məbləği yığdıq, uşaq xilas olundu. İndi Rüstəm tamamən sağlamdır və Almaniyada oxuyur. Bax, hər şey bundan başladı.
- Yəqin bu barədə danışmaq sizin üçün çətindir, amma yenə də soruşacam. Həyatla çox uşaq vidalaşır?
- Xoşbəxtlikdən müalicə olunanların sayı daha çoxdur. Əlbəttə, itkilər də olur, və hər dəfə bu mənim və mənimlə işləyənlər üçün böyük zərbədir. Elə vaxt olur ki, biz zəngləşib əlimizdən heç nə gəlmədiyi, gücsüz olduğumuz üçün ağlayırıq... Bu, çox ağırdır...
Bizim üçün ən ağır itki – Əli Saqini itirməyimiz oldu, onun əhvalatını çox adam bilir. Bu, dəhşətli faciədir. O, bizim ilk uşağımız idi, demək olar ki, Umid.Az Əlidən başlayıb. O vəfat etdiyi an hamımız şok yaşadıq, əlimiz işdən soyudu. Onun ölümündən bu günə qədər forumumuzda “Biz səni daima xatırlayacağıq, Əli Saqi” mövzusu var, onu heç bir zaman ləğv etməyəcəyik. Mən o oğlanı yaxından tanıyırdım, o mənim oğlumla dostluq edirdi, bizə evə qonaq gəlirdi, məndə onun çəkdiyi rəsm var. Mən onun anasının iradəsinə heyran idim, ona bənzəmək istəyərdim. Allah heç kimə belə dərd verməsin...
Biz hamımız ümid edirdik ki, o sağ qalacaq. Ona Heydər Əliyev Fondu yardım edirdi, Mehriban xanım şəxsən onun müalicəsi ilə maraqlanırdı. Hamı Əlini çox sevirdi. O, çox vətənpərvər oğlan, mehriban, güclü, istedadlı idi, ona hamı bir baxışdan aşiq olurdu. Bu uşağın elə böyük ürəyi var idi ki, nə qədər insan onun üçün dua edirdi... Amma möcüzə baş vermədi. Əli həmişə bizim ürəyimizdə yaşayacaq.
- Nə vaxtsa bu işi atmaq istəmisiz?
- İstəmişəm. Çox istəmişəm. İndi də hərdən istəyirəm. Məni komandam dəstəkləyir, onlar olmasaydı dözə bilməzdim. Hər dəfə bir uşaq öləndə hər şeyi atıb bir daha bununla məşğul olmamağı düşünürəm. Bu, çox çətindir, çox ağırdır. Hər dəfə yetərincə sürətli hərəkət etmədiyimiz üçün özümüzü qınayırıq. Amma mənim komandam istəyir ki, davam edək, və biz davam edəcəyik. İtkilər qələbələrdən azdır, və mənim komandam bunu mənə daim xatırladır, müqayisə etməyə məcbur edirlər. Onlar olmasaydı layihə çoxdan artıq dayandırılmışdı.
- Komandanız haqqında ətraflı danışın. Kimdir onlar, hardandırlar?
- Onlar sizin, mənim kimi sadə insanlardır. Onlar başqasının dərdinə laqeyd olmayan insanlardır. Onlar müxtəlif şirkətlərdə çalışırlar – BP-dən olan da var, Azercell-dən də, Bakcell-dən də, evdar xanımlar da var, tərbiyəçilər də. Müxtəlif fəaliyyət sahələri, müxtəlif baxışlı, müxtəlif gəlir səviyyəsi olan insanlardır, amma onların hamısı bizim işə eyni cür can yandırırlar. Əvvəlcə forumda adam çox idi, amma zamanla burada yalnız insanlara yardımı sadəcə boş söz hesab etməyənlər qaldı. Bu yaxınlarda leykozdan əziyyət çəkən Abdulla adlı oğlanın müalicəsi üçün pul yığırdıq. Bədbəxtçilikdən oğlan öldü, hamımız boşluq hiss etdik, daima – Niyə çatdırmadıq? Niyə daha çox şey etmədik? deyə düşünürdük. Biz hər zaman itkilərdə özümüzü günahlandırırıq... Bilirəm ki, bu bizim günahımız deyil, amma daima düşünürəm ki, daha çox aksiya keçirə bilərdik, başqa bir şey düşünə bilərdik.
Əslində çoxsaylı aksiya keçirmişik – Park Bulvarda, 28 Mall-da, Hayatt parkda və s. yerlərdə. Elə olur ki, biz istirahət günlərini aksiyalarda keçiririk. Aramızda subaylar, yalnızlarla yanaşı böyük ailəsi olanlar da var. Biz bəzən aksiyalar üçün özümüz nələr isə hazırlayırıq, məsələn, Yeni il aksiyasında demək olar ki, hər şeyi öz əllərimizlə eləmişdik.
- Yeri gəlmişkən aksiyalar haqqında – ticarət mərkəzlərinin və digər müəssisələrin rəhbərləri sizin orada aksiya keçirmək istəyinizi məmnuniyyətlə qarşılayırlar?
- Bəli. Məsələn, Park Bulvarın rəhbərliyi bizə çox yardım edir. Onlar lazım olan hər şeyi bizə təqdim edirlər, həm də təmənnasız – stollar, reklam lövhələri, nə xahiş etsəm. Mən bir dəfə də olsun etiraz eşitməmişəm. Bu insanlar həmişə bizə yardım etməyə hazırdırlar.
- Bəs dövlət sizə yardım edir?
- Əlbəttə! Axı biz öz gücümüzlə çox cüzi sayda uşaq xilas edə bilirik. Əsas maliyyə dəstəyi başda Mehriban Əliyeva olmaqla Heydər Əliyev Fondundan gəlir. Ən böyük işi onlar görür, bir çox uşaqların xilası onların nailiyyətidir. Bu xırdalıqları hamı bilmir, amma mən öz fəaliyyət sahəmdə maliyyə dəstəyi göstərən böyük sayda insan görmüşəm. Bir xəstənin müalicəsinə 100 və 200 min də xərclənə bilər. Mən Heydər Əliyev Fondunun bütün işçilərinə xilas edilmiş həyatlar üçün minnətdaram.
- Bizdə zəngin insanların öz keflərində olduğunu və heç kəsə yardım etmədiklərini demək dəbdir. Bəs siz bu haqda nə deyə bilərsiz? Azərbaycanda zəngin insanlar xəstə uşaqlara yardım edirlər?
- Bəli, həm də tez-tez. Həm də onlar əsasən anonim yardım edirlər. Elə vaxt olur ki, müalicə üçün pulu bir adam tam verir. Bu yaxınlarda, bir neçə gün bundan öncə, ağır xəstəlikdən əziyyət çəkən uşaq üçün müalicə pulunu bir anonimin vasitəsilə bir günə toplaya bildik. Adamlar var ki, mənə daima zəng edir, iri məbləğdə pul verirlər, amma anonim qalmağı üstün tuturlar.
Əlbəttə, adi insanlar da çox yardım edirlər, kiçik məbləğdə pul köçürərək, uşaqlarımızın müalicəsi üçün lazımi vəsaiti toplayırlar. Belə insanlar çoxdur. Kim isə 10 manat verir, kim isə 100 manat, sonda biz lazımi məbləği yığıb, yardım edirik.
Vəsaiti olmayanlar isə bizə duaları ilə yardım edirlər. Mən məsələn, duanın gücünə inanıram. Dualar çox böyük müsbət təsir edir.
- Ən yaddaqalan hadisə hansıdır?
- Əslində hadisələrin hamısı fərdidir və yaddaqalandır. Yəqin ki, ən yaddaqalan – ürək qüsuru olan bir qızın əhvalatıdır. Uşaq demək olar ki, ölüm yatağında idi, onu heç kim müalicəyə götürmürdü, italyan və alman həkimlər də imtina etmişdilər. Mən artıq onun valideynlərinə bu haqda deməyə hazırlaşırdım. Mən onlara heç kimin əməliyyata razılaşmadığını və uşağı evə götürməyin daha yaxşı olacağını dedim. Sonrakı aylarda biz müntəzəm olaraq valideynlər ilə əlaqədə olurduq. Bizim sponsor Səbinə Rəhimova Kiyevə, doktor Dovqana zəng etdi, bu məşhur kardiocərrahdan uşağa baxmağı xahiş etdik. O, heç nə vəd etmədi, amma biz bundan qızın son şansı kimi ikiəlli tutduq. Qız valideynləri ilə bərabər ora yola düşdü və möcüzə baş verdi – əməliyyat uğurlu keçdi. Bu qız indi sağlamdır, tez-tez bizim bayramlara gəlir. Yəqin ki, bu ən yaddaqalan hadisədir. Mən indiyə qədər onun anasına zəng edib ümidimizin olduğunu dedikdə, onun bunu necə şokla qarşıladığını hələ də xatırlayıram...
- Siz yardım etdiyiniz uşaqlarla tez-tez görüşürsüz?
- Biz hər il uşaqlarımızın gəldiyi bayramlar təşkil edirik. Sonra isə bu görüşlərdən foto-hesabatlar hazırlayıb forumda paylaşırıq ki, insanlar vəsait topladıqları, dua etdikləri və onların yardımı ilə sağlam və xoşbəxt həyat yaşayan uşaqları görsünlər.
Mən düşünürəm ki, bu, uğursuzluq zamanı məyus olmayan və uşaqlara yardım etməyə davam edən insanlar üçün stimuldur. Biz belə bayramları keçirdikdən sonra, bizə daha çox maliyyə yardımı daxil olmağa başladı. Axı insanlar yardım etdikləri uşaqları görürlər, əməliyyatdan sonra onları sağlam və həyatdan razı şəkildə görürlər. Valideynlər də bizim bayramlara uşaqlarını həvəslə gətirirlər, axı bu adətən ucqar yerlərdən olan ailələrdir, bu uşaqların kloun və sehirbaz görmək imkanları elə də çox deyil. Beləliklə də biz uşaqlara da, onlara sağalmağa yardım edən insanlara da onlarla ünsiyyət qurmaq imkanı yaratmaqla sevinc bəxş edirik.
- Bir çoxları bizim tibbin vəziyyətini tənqid edirlər, həkimləri səriştəsizlikdə ittiham edirlər. Siz bu qəbildən olan hadisələrlə rastlaşmısız?
- Mən xəstə uşaqlar üçün həkim seçmirəm və heç bir zaman da tövsiyə etmirəm. Həkimin seçimi valideynlərin şəxsi işidir. Amma mən yerli həkimlərə etibar edirəm. Neftçilər xəstəxanasında çox gözəl həkimlər var. Məsələn, kardiocərrah Rəşad Mahmudov. Mən o olmasaydı, bəzi uşaqlarımızın aqibətinin necə olacağını təsəvvür belə etmirəm. Mən düşünürəm ki, o, ən yaxşı həkimdir. Onun əlləri qızıldır, və mən dəfələrlə demişəm ki, onun əllərini öpməyə hazıram, o bizim 200-dən çox uşağımızı əməliyyat edib, hamısı da uğurlu olub. Bizim ölkədə belə həkimlərin olması xoşbəxtlikdir.
- Qohumlar arasında qurulan nikahlar nəticəsində meydana çıxan genetik xəstəliklərlə tez-tez rastlaşmısız?
- Bəli, təəssüf ki, belə hallar çoxdur. Məsələn, ürək qüsuruna çox zaman valideynləri əmiqızı-əmioğlu və ya xalaqızı-xalaoğlu olan uşaqlarda tez-tez rast gəlirik. Mən belə nikahları başa düşmürəm, və hesab edirəm ki, bununla mübarizə aparmaq lazımdır, insanlara yaranacaq problemlər barədə informasiya vermək lazımdır. Axı onlar fərqli psixologiyaya və öz qaydalarına müvafiq yaşayan insanlardır. Ona görə də onlarla mübarizənin çətin olacağını düşünürəm.
- Nə əlavə etmək istərdiniz?
- Mən əslində, müsahibə verməyi sevmirəm, kadr arxasında qalmağa üstünlük verirəm (gülür).
Əlavə etmək istəyərdimmi? Yəqin ki, bəli. Sadəcə xeyirxahlıq edin, bu sizin uşaqlarınızın qarşısına çıxacaq, və ya o biri dünyada savab yazılacaq. Nə edirsizsə, ürəkdən, heç bir təmənna güdmədən edin.
Ümumiyyətlə, bizim ölkədə çox xeyirxah və mehriban insanlar var. Və mən fürsətdən istifadə edərək onlara təşəkkür etmək istəyirəm. Hamınız yardım və xeyirxahlığınız üçün çox sağ olun!
Aliyə İsmayılzadə
www.oxu.az