Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İşə düzəlmək üçün sağlamlıq haqqında arayış alan şəxsdən niyə kart tələb edilir? - FOTO
Azərbaycanda sağlamlıq haqqında arayış üçün tələb olunan dövlət rüsumu 40 manatdır.
Tibbi arayışın baha olması barədə də dəfələrlə şikayətlər səslənib.
Milli Məclisdə keçirilən iclaslarda da bu barədə müzakirələr aparılıb və bildirilib ki, bu məbləğ kasıb ailə üçün bir kisə un deməkdir.
Eyni zamanda, son günlər sosial şəbəkələrdə poliklinikalarda sağlamlıq haqqında arayışın alınması üçün rüsumun plastik kartla aparılması da müzakirələrə səbəb olub.
Poliklinikaya sağlamlıq kağızı almağa gələn şəxslər, adətən, işə düzəlmək istəyənlərdir. Hələ işə düzəlməyən şəxsdə plastik kart olmadığı halda niyə belə bir tələb irəli sürülür?
Kiçik qeyd: Əgər vətəndaş istəsə, istənilən bankdan debet kart ala bilər. Bu kartların pulla və ya pulsuz satılması bankların təklifindən asılıdır. Yəni bəzi banklar vətəndaşlara debet kartı pullu, bəziləri isə ödənişsiz təklif edirlər.
Məsələ barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqə saxladıq.
Qurumun İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Departamentinin rəhbəri Zamirə Ədilova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyində olan tibb müəssisələrində tibbi xidmətlərin göstərilməsində müasir dövrün tələblərinə uyğun olaraq innovativ informasiya texnologiyalarından səmərəli şəkildə istifadə edilməsi və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, operativliyinin təkmilləşdirilməsi məqsədilə TƏBİB-in Nizamnaməsinin 4.10.5-ci yarımbəndlərini rəhbər tutaraq sağlamlıq haqqında tibbi arayışın forması və tarifi təsdiq edilib:
"Belə ki, sağlamlıq haqqında tibbi arayışın tarifi 40 manat təşkil edir. Sağlamlıq haqqında arayış alınması tibbi göstəriş əsasında deyil, profilaktik müayinə olduğu üçün icbari tibbi sığorta təminatına daxil deyil. Sürücülük vəsiqəsi almaq üçün, işə qəbul zamanı tələb olunan, peşə xəstəliyini müəyyən etmək üçün tibbi müayinələrdən keçmək və s. ödənişli arayışlardır.
Bu arayışlar üçün tariflər tibbi xidmətlərin maya dəyəri, əhalinin tələbatı, dünya təcrübəsi, həkim müayinələri, instrumental-laborator müayinələrin həcmi nəzərə alınaraq müəyyən edilib. Belə ki, sağlamlıq haqqında arayışlara terapevt, cərrah, nevropatoloq, oftalmoloq, otorinolarinqoloq, dermatoveneroloq, stomatoloqun ixtisaslı həkim müayinəsi, flüoroqrafiya, qanın ümumi analizi, sidiyin ümumi analizi daxildir".
Departament rəhbəri vurğulayıb ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində arayışlar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi hissə və orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, Vətən müharibəsi zamanı şəhid olmuş şəxslərin birinci dərəcəli ailə üzvləri üçün ödənişsiz əsaslarla təmin edilir.
Sağlamlıq haqqında arayışın alınması üçün rüsumun ödənilməsinin plastik kartla həyata keçirilməsinə gəlincə, Z.Ədilova qeyd edib ki, "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar yalnız nağdsız qaydada həyata keçirilir:
"Sağlamlıq haqqında arayış üçün rüsumun ödənilməsi şəffaflığın artırılması, maliyyə intizamının gücləndirilməsi məqsədilə nağdsız əməliyyatların stimullaşdırılması tədbirləri çərçivəsində ödəniş terminalları vasitəsi ilə həyata keçirilir. Əlavə olaraq qeyd edim ki, hər bir tibb müəssisəsində ödəniş terminalları quraşdırılıb, ödənişlər terminallar vasitəsilə də həyata keçirilə bilər".
İlhamə Əbülfət
"Milli Məclis" teqi üzrə xəbərlər
- "Ermənistan Qərb ölkələrinin təxribatlarında alət olmamalıdır" - RƏY
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
- COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT
- Çoxdandır anons edilən reyestr ləngiyir, zərərçəkənlərin sayı isə artır - "Kaspi"nin ARAŞDIRMASI
- İki övladı olan şəxslərin hərbi xidmətə çağırılmaması təklif edilib