"Bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışının təşkili təmin ediləcək".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Qalib Əbdüləliyev bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, eyni zamanda, işğaldan azad olunan rayonlarda - Ağdam, Cəbrayıl, Füzuli və Laçında qurbanlıq heyvanların kəsim və satış xidmətləri təşkil olunacaq:
"Baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, o cümlədən küçə, yol kənarı, məhəllə və digər ictimai ərazilərdə heyvan kəsimi və satışının aparılması, həmçinin baytarlıq şəhadətnaməsi və ya arayışı olmadan iri və xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir.
Bayram günlərində vətəndaşlardan sağlamlığı şübhə doğuran heyvanların satışı və ya antisanitar şəraitdə heyvan kəsimi halları ilə rastlaşdıqları təqdirdə hüquq-mühafizə orqanlarına, yerli icra hakimiyyətlərinə və AQTA-nın "1003 - Çağrı Mərkəzi"nə məlumat vermələri xahiş olunur".