"İşğaldan azad olunmuş ərazilərdə 434 abidəyə ümumilikdə 700 milyon manatdan çox maddi ziyan dəyib".
Oxu.Az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Fariz Hüseynli bu gün Bakıda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "İctimai proseslər media müstəvisində" mövzusunda 3-cü Forumun panel müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, işğaldan azad olunan ərazilərdə 705 tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına götürülüb:
"Abidələr üzərində monitorinq aparılıb. 575 abidənin monitorinqi yekunlaşıb. Məlum olub ki, bu abidələr vandalizmə məruz qoyulub, dağıntılar törədilib. 68 abidə tamamilə yer üzündən silinib. 114 abidə dağıntılara məruz qoyulub.
Tarixi abidələrə dəyən maddi ziyan da hesablanıb. Məlum olub ki, 434 abidəyə ümumilikdə 700 milyon manatdan çox ziyan dəyib.
Eyni zamanda bu siyahıya daxil olmayan vaxtilə aparılan monitorinq nəticəsində 212 tarixi memarlıq və arxeoloji əhəmiyyət daşıyan obyektlər qeydə alınıb. 2025-ci ildə 44-ü siyahıya əlavə olunub.
Siyahıda olan 130-dan çox abidənin monitorinqi həyata keçirilə bilməyib. Bunun əsas səbəbi də mina təhlükəsi ilə bağlıdır.
Abidələrin qorunması üçün işğaldan azad olunmuş ərazilərdə tikinti işləri ilə bağlı 700 layihəyə rəy verilib. Baş planları təsdiq olunan şəhərlər ilə bağlı abidələrin qorunması üçün mühafizə zolaqları yaradılıb. 1000-dən çox abidənin mühafizə zolağı təşkil olunub".