"Fransa yerli xalqların dillərini unutdurmağa çalışıb".
Oxu.Az xəbər verir ki, bu fikri Bakıda Fransanın müstəmləkəçilik siyasətinin əsarətində olan Qvadelup adasına həsr olunmuş "Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar və Perspektivlər" adlı beynəlxalq tematik konfransında çıxışı zamanı Qvadelupun Beynəlxalq Qaradərili Xalqlar Komitəsinin (ICBN) rəhbəri Jaklin Defonten deyib.
O bildirib ki, Fransa müstəmləkəçilik siyasəti çərçivəsində xalqların dili, dini və mədəniyyətinə qarşı uzun illər repressiya həyata keçirib:
"Lakin bütün bu təzyiqlərə baxmayaraq, qvadeluplular milli adət-ənənələrini və mənsubiyyətlərini qoruyub saxlamağı bacarıblar. Fransanın dominantlığı altında olan müstəmləkələrdə yerli dillərin unudulması məqsədi güdülüb, fransız dili isə məcburi xarakter daşıyıb. Buna baxmayaraq, müxtəlif fərdlərin fəallığı nəticəsində ana dilimizi yaşatmağa nail olmuşuq".
J.Defonten vurğulayıb ki, mübarizə bu gün də davam edir:
"Qvadelup dili yaşadılıb, amma biz bu mübarizəni daha da gücləndirməliyik. Mədəni irsimizin, adət-ənənələrimizin, dilimizin, milli rəmzlərimizin qorunması və möhkəmləndirilməsi üçün fəaliyyət göstərməyə davam edəcəyik. Biz qvadeluplular olaraq suverenliyimiz tam təmin olunana qədər mübarizəni davam etdirəcəyik".
Aləmdə Nəsib