Yol infrastrukturu inkişaf etdikcə elə bil ki, sürücülərin əksəriyyəti yaxşı yola susamış kimi avtomobili sürətlə idarə etməyə başladılar. Hansı ki, yollar nə qədər yaxşı olsa da, konkret sürət müəyyənləşdirilir və bu da təhlükəsizlik tədbirləri ilə bağlıdır.
Ancaq belə yol görməyən sürücülər çalışır ki, sürətlə getsin və vaxt qazansın. Son dövrlərdə əhalinin sosial rifahının yaxşılaşdırılması da nəqliyyat vasitələrinin sayının kəskin artmasına səbəb oldu. 2003-cü ildə ölkədə 490 min 581 nəqliyyat vasitəsi olub.
Bu gün isə ölkədə 1 mln. 300 minə yaxın avtomobil var. 10 ildə artım 900 min olub, onun da 70-80 faizi Bakının payına düşüb. 800-900 min nəqliyyat vasitəsinin artması o qədər də yeni sürücünün sükan arxasına əyləşməsi deməkdir. Bunların hamısı qısa müddətdə olduğundan həm sürücülərin yola uyğunlaşması, sürücülərin sükana uyğunlaşması və s. bunların hamısı bəzi hallarda qəzalara, sıxlığa səbəb oldu.
Bəzən də bu, yollarda hərəkətin ləngiməsinə gətirib çıxartdı. Güman edirəm ki, nəqliyyatın hərəkətinin intensiv olduğu yerlərdə körpülər, yol ötürücülərinin tikintisi yekunlaşandan sonra şəhərdə sıxlıq problemi aradan qaldırılacaq. İndi kənarkeçmə yol da tikildi, bunun davamı olaraq şəhərin digər istiqamətinə də yönələcək. Bunların hamısı kompleks həllini tapmalıdır.
Oxu.Az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Musavat.com-a deyib.
Şöbə rəisi yol-nəqliyyat hadisələri ilə bağlı danışarkən bildirib ki, son 10 ildə yol qəzalarında 10 min 990 nəfər həlak olub. Bu ilin 6 ayında 160 piyada dünyasını dəyişib.
Kamran Əliyev Azərbaycanı xarici ölkələrlə müqasiyə edərək deyib ki, Türkiyədə, demək olar ki, piyada ölümü yoxdur.
“Mən bir sıra Avropa və Şərq ölkələrində olmuşam. Hindistanda keçid, yaxud yol qaydaları sıfır vəziyyətindədir. Heç Almaniyada sürət məhdudiyyəti yoxdur. Sadəcə orda təhlükəsizlik kəmərini təkcə sürücü yox, sərnişinlərin də hamısı bağlayır. Digər tərəfdən nəqliyyat parkının yeni olması qəzalarda ölən və yaralananların sayına təsir edir. Məsələn, keçən il Almaniyada zəncirvari qəzada 256 avtomobilin toqquşması nəticəsində cəmi 3 nəfər xəsarət almışdı.
Niyə? Əvvəla, bu avtomobili idarə edən və sərnişin olan şəxslərin hamısı təhlükəsizlik kəmərini bağlayır. Bundan əlavə avtomobillərin bəlkə də 100 faizinin hava yastıqları var, özü də bir yox, bir neçə dənə. Bu avtomobillərin hamısı qəza zamanı insanın sağ qalmasına, xəsarət almamasına təsir edir. Amma bizdə avtomobildən istismar müddəti olmadığına görə hər kəs çalışır ki, onu ömrünün sonuna qədər sürsün.
Hətta ata-babasından qalma avtomobilin də ora-burasını düzəldib istifadə edənlər var. Lakin düşünmür ki, mən bu avtomobili üzdən təmir edə, mexaniki hissələrini yeniləyə bilərəm. Amma insanlar bunu bilməlidir ki, artıq o avtomobilin tam özəyi köhnəlib, korroziyaya uğrayıb, zərbəyə dözmür”.
DYP rəsmisi özünün avtomobil idarə etməsindən də danışıb:
“Mən özümü intizamlı sürücü hesab edirəm. Həyatım boyu qırmızı işıqda keçməmişəm. Bunu təkcə qayda pozuntusu yox, həm də mədəniyyətsizlik sayıram. Kəməri daim taxmışam. Təkcə mən yox, bütün ailə üzvlərim. Uşaqlarımın 12-13 yaşları var. Onlar bilirdilər ki, 12 yaşına qədər avtomobilin qabaq oturacağında əyləşə bilməzlər. Mən uşaqlara izah etmişəm ki, 12 yaşınızın tamamından sonra orda otura bilərsiniz.
Səmimiyyətinə inanın ki, uşaqlarım avtomobilin qabaq oturacağına oturan kimi, məndən əvvəl təhlükəsizlik kəmərini bağlayıblar. Mən hər kəsə də deyirəm ki, o kəməri mən və ailə üzvlərim ona görə bağlamırıq ki, bizi cərimə edərlər, nəsə qınaq olar. Biz öz həyatımız, özümüz üçün bunu edirik. Heç kəs təhlükədən sığortalanmayıb.
Heç kəs əmin deyil ki, evdən çıxanda başına hansısa hadisə gələ bilməz. Ona görə də ilk növbədə insan öz sağlamlığını düşünməlidir, hər şeyə biganə yanaşmamalıyıq. Bu qəzalara görə dövlətin özü də böyük vəsait xərcləyir. Bilirsiniz kəmərin sayəsində nə qədər insan həyatda qalıb?
Amma elə adam da var ki, kəmər bağlamadığına görə 2-3 dəfə ağır xəsarətlər alıb, amma yenə də bağlamır. Çox qəribədir. Belə adamlardan “kəməri niyə bağlamırsan” soruşanda “qismətdir də, alnıma ölüm yazılıbsa, öləcəyəm” deyir. Bu, düzgün yanaşma deyil. Niyə başqa ölkələrdə hamı buna ciddi yanaşır?
Məgər qəzada ölməklə bağlı alın yazısı ancaq elə bizə yazılıb? Belə fikirləri insanların beynindən çıxarda bilsək, qəzaların da qarşısını alacağıq, ölən və xəsarət alanlar da olmayacaq”.
Bu arada qeyd edək ki, Azərbaycan Qarabağ müharibəsində 16 min itki vermişdi.