Ramin Musayev yazır...
Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan etdi. Bu da virusun bütün dünyada yayılaraq təhlükə törətməsinin təsdiqidir. Sürətlə yayılan bu virusun qurbanları o qədər də çox deyil və xəstəliyin müalicəsi mümkündür.
15 mart 2020-ci tarixinə olan statistikaya görə, dünya üzrə koronavirusa yoluxanların sayı 156.400 nəfərdir. Cəmi 5.833 xəstə dünyasını dəyişib. 74 min xəstə artıq sağalıb. Bu o deməkdir ki, sağlam olan şəxs yoluxarsa, sağalmaq şansı 98%-dir, yerdə qalan 2 faizi də müxtəlif kənar risklərə aid edək.
Digər statistikaya görə, hər gün dünyada təxminən 150 min adam ölür. Bunların 100 mini yaşlanaraq, müxtəlif xəstəliklərdən dünyalarını dəyişənlərdir. Yaşlı insanların yarısı infarkt, ürək xəstəlikləri və insultdan, 40 min insan aclıqdan və antisanitariyadan, 14 min insan QİÇS-dən vəfat edir, 5.500 nəfər isə onkoloji xəstəliklərin qurbanı olur. Minlərlə insan siqaret, alkoqolun həddindən yüklsək istifadəsi üzündən həyatını itirir. 6 min nəfər təsadüf nəticəsində, 3 min adam isə yol qəzalarında həlak olur.
Pandemiyanın qarşısı ciddi tədbirlərlə alınmazsa, onun nəticələri çox qorxulu ola bilər. Martın 14-ü ölkəmizdə tətbiq edilən ciddi rejim hamımızda narahatlıq yaratsa da, vacib tədbirdir. O, riskləri azaltmaq üçün mütləq olan qaydadır. Amma təşvişə qapılıb, mağazalarda olan hər şeyi evə daşımaq doğru deyil.
Koronavirusun yayılmasının dünya xəritəsinə (https://infographics.channelnewsasia.com/covid-19/map.html) nəzər salsanız, görərsiniz ki, Azərbaycan riski aşağı olan ölkələr siyahısındadır.
Virusa yoluxmamaq üçün sadə qaydalara riayət etmək lazımdır. İlk növbədə, gigiyena qayadalarına əməl etmək gərəklidir. Gün ərzində vaxtaşırı əlləri yumaq lazımdır, çünki insan əli hər yerə dəyir. Ortalama insan gündə 2-3 min dəfə öz üzünə toxunur. Hətta siz maska taxıb gəzirsinizsə, əllərinizi yumadan üzünüzə toxunsanız, heç bir maska kömək etməyəcək.
Bundan başqa, səhər yuxudan oyanandan yarım saat sonra 30 dəqiqə ərzində aktiv gimnastika etmək məsləhətdir. Bu da orqanizmi oyadıb, onu aktivləşdirməkdən əlavə, qan dövranını sürtələndirəcək, immunitetin güclənməsinə imkan verəcək. Çünki hər bir xəstəlik qarşısında ona güc gələ biləcək qüvvə immunitetdir. Sağlam qida, meyvə və tərəvəzin həcmini artırmaq məsləhətdir ki, orqanizm yetərli qədər vitamin və digər xeyirli maddələr ala bilsin. Gündə ortalama iki litr təmiz, mineral, qazsız su içmək lazımdır.
Digər tərəfdən, məktəblərdə dərslərin dayandırılması, saat 21:00-dan sonra restoran və kafelərin məcburi bağlanması o demək deyil ki, həmin saatdan sonra çıxıb şəhərdə gəzmək lazımdır. Əksinə, hamı evdə oturmalıdır və digərləri ilə kontakt azalmalıdır. Həm də daha vaxtınızın çoxunu ailənizlə və uşaqlarınızla keçirin, bu hamı üçün daha faydalı olar.
Amma reallıqda nə görürük? Hamı küçələrdədir. Bu da o deməkdir ki, daha böyük risk ilə qarşılaşırıq.
Artıq Fransa və Almaniya komendant saatı təyin edib. Saat 18:00-dan sonra heç kim evdən çıxmamalıdır. Buna ordu və polis birgə nəzarət edəcək. Həmin ölkələrdə turist və başqa dövlətlərdən gələnlərin sayının yüksək olması xəstəliyin daha sürətlə yayılmasına səbəb olub.
Ölkəmizdə tətbiq olunan sərt qaydalar məhz əhalinin təhlükəsizliyi üçündür. Bunu anlayışla qarşılayıb, dəstək olmaq lazımdır.