Kürdəmirdə baş vermiş zəlzələ nəticəsində rayonun bir neçə kəndindəki evlərdə çatlar əmələ gəlib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, çatlar əsasən rayonun Ərəbxana, Atakişili və Xırdapay kəndlərində qeydə alınıb.
Hal-hazırda aidiyyəti qurumların əməkdaşları rayonun digər ərazilərində fəsadların baş verib-verməməsi ilə bağlı araşdırma aparırlar.
21:35
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 03.09.2023-cü il tarixində yerli vaxtla saat 20:38 dəqiqədə Kürdəmir stansiyasından 14 km cənubda, Kürdəmir rayonu ərazisində 50 km dərinlikdə 5 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bal, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin məlumatında qeyd olunub.
Nazirlikdən bildirilib ki, zəlzələ nəticəsində hazırki vaxtadək hər hansı dağıntı və ya xəsarət barədə məlumat daxil olmayıb.
20:48
Kürdəmirdə beş maqnitudalı zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib.
Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 20:38-də qeydə alınıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Kürdəmir stansiyandan 14 km cənubda Kürdəmir ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala qədər, Qəbələ, İsmayıllı, Ağsu ,Şamaxı, Ucar, Göyçay, Mingəçevir, Yevlax , Bərdə, Ağdam, Ağdaş, Zərdab, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Hacıqabul, Cəlilabad rayonlarında 4-3 bala qədər hiss olunub.