"İntensiv yağışlar zamanı riskli hesab olunan ərazilər üzrə əməliyyat tədbirləri əvvəlcədən planlaşdırılır".
Oxu.Az xəbər verir ki, bu sözləri Baki-baku.az saytına müsahibəsində Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib.
Onun sözlərinə görə, yağış və tullantı su kollektorlarının, kanalizasiya nasos stansiyalarının və əlaqəli xətlərin iş rejimi mövcud vəziyyətə uyğun tənzimlənir: "Zəruri hallarda axınların alternativ istiqamətlər üzrə ötürülməsi üçün texniki imkanlardan istifadə olunur".
Z.Mikayılov qeyd edib ki, Xırdalan, Binəqədi, Biləcəri, Qaradağ, eləcə də Xətai, Nizami, Nərimanov və Sabunçu rayonlarının ayrı-ayrı ərazilərində yağış sularının idarə olunması üçün mövcud kollektor və nasos sistemləri gücləndirilmiş rejimdə nəzarətdə saxlanılır.
"İntensiv yağış proqnozlarından əvvəl dislokasiya nöqtələri müəyyən edilir, xüsusi təyinatlı nasos və texnikanın riskli ünvanlara yaxın yerləşdirilməsi təşkil olunur. Məqsəd su yığıntısı baş verdikdə müdaxilə imkanlarını sürətləndirmək və mövcud infrastrukturun imkanlarından maksimum istifadə etməkdir", - deyə Agentlik sədri vurğulayıb.