Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Macəra axtaranları ölümə sürükləyən su anbarlarında təhlükəsizlik necə qorunur?
Süni sututarlar əsasən təsərrüfat məqsədilə istifadə edilən su anbarları və kanallar olduğundan, həmin hövzələrdən çimərlik kimi istifadə olunması yolverilməzdir. Bununla belə, kənd və rayonlarında sakinlərin mövcud olan sututarlarda çimmək qadağasına məhəl qoymaması faciəli nəticələrə gətirib çıxarır. Bu sırada Cəlilabad rayonu da istisna deyil.
"Report"un Muğan bürosunun məlumatına görə, yalnız cari ilin iyun ayında Cəlilabad rayonundakı su hövzələrində üç fakt üzrə dörd nəfər boğularaq ölüb.
Qeyd olunur ki, iyunun 1-də Cəlilabadın Uzuntəpə kəndində yerləşən su hövzəsində 17 yaşlı yeniyetmə boğularaq ölüb. Daha bir bədbəxt hadisə isə iyunun 19-da baş verib. İki yeniyetmə rayonun Hamarqışlaq kəndində yerləşən su hövzəsində batıb. Son olaraq iyunun 27-də 11 yaşlı yeniyetmə Cəlilabadın Gülməmmədli kəndindəki su anbarında boğulub.
O baxımdan, Cəlilabad rayonu ərazisində yerləşən su anbarlarında təhlükəsizlik qaydalarının necə təmin olunması məsələsinin aktuallığı xeyli artıb.
Mövzu ilə bağlı Cəlilabad Rayon Suvarma Sistemləri İdarəsindən (SSİ) "Report"un yerli bürosuna bildirilib ki, hazırda qurumun balansında üç - İncəçay, Cəfərxanlı və Göytəpə su anbarı mövcuddur. Cəlilabad SSİ-nin balansında olan su anbarlarında təhlükəsizlik qaydaları oranın əməkdaşları və gözətçisi tərəfindən qorunur, ərazidə yaşayan sakinlərin o hövzələrdə çimməyinə icazə verilmir. Bu çərçivədə əhali ilə mütəmadi maarifləndirici işlər aparılır. SSİ-dən o da bildirilib ki, rayon ərazisindəki digər sututarlar idarənin yox, müvafiq kənd bələdiyyələrinin balansındadır.
Cəlilabad rayon Bələdiyyələri Əlaqələndirmə Şurasının sədri Əmrah Quliyev isə "Report"un yerli bürosuna açıqlamasında deyib ki, haqqında danışılan məsələ ilə bağlı bütün bələdiyyə sədrlərinə əhali ilə izahat işlərinin genişləndirilməsinə dair tapşırıq verilib. O əlavə edib ki, yerlərdə ictimaiyyət arasında, o cümlədən, təhsil müəssisələrində su anbarlarında çimməyin qadağan olunması və bu qaydaların pozulmasının ciddi risklər yaratdığı ilə əlaqədar təbliğat xarakterli görüşlər keçirilir. Eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin (FHN) bu istiqamətdə hazırladığı videoçarxlar sosial şəbəkə hesablarında müntəzəm paylaşılır.
Həyata keçirilən bu tədbirlərin effektivlik dərəcəsini və əhalinin tətbiq olunan qadağaya nə qədər riayət edəcəyini qarşıdakı zaman göstərəcək.
"Cəlilabad" teqi üzrə xəbərlər
- Bakıda qaçırıldığı bildirilən 16 yaşlı qız ailəsinə təhvil verildi
- Cəlilabadda motosikletçi yol-nəqliyyat hadisəsində xəsarət alıb
- Nişanlı qızın faciəsi atasının da sonunu gətirdi
- Tarixi abidənin ətrafında olan torpaq sahələri mübahisəyə səbəb olub
- Cəlilabadda əqrəb və ilanlar sakinlərə hücum edirlər
Rəylər