"Mado" restoranlar şəbəkəsi övladı üçün hamburger alan valideynin narazılığı ilə bağlı açıqlama yayıb.
Adıçəkilən restoranlar şəbəkəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, şirkət müştəri məmnuniyyətini hər zaman ön planda tutduğuna görə, yaşanan hal dərhal araşdırılıb və müvafiq tədbirlər görülüb.
"Bununla belə, irihəcmli istehsal proseslərində istisna olunmayan texniki və ya insan amilindən qaynaqlanan kiçikmiqyaslı xətalar, bütün nəzarət və profilaktik tədbirlərə baxmayaraq, nadir hallarda baş verə bilər. Müvafiq olaraq, qeyd etdiyiniz konkret hadisə ilə bağlı müştəri müraciəti dərhal araşdırılmış, məsul əməkdaşlarımız tərəfindən yerində baxış keçirilmiş və xidmətin keyfiyyətindəki qüsurumuza görə sifariş üzrə ödəniş qəbul edilməmiş, əlavə məhsul təqdim olunmaqla üzrxahlıq bildirilib.
Hadisənin texniki səbəblərinə dair bildiririk ki, ət məhsullarının emalı zamanı damarların təsadüfən məhsula qarışmaması üçün ətçəkən avadanlığa xüsusi filtrasiya funksiyalı qurğu inteqrasiya edilib. Bununla belə, avadanlığın başlıq hissəsində toplanmış damar parçalarının minimal miqdarda məhsula qarışması istisna edilə bilməz. Nəzərə alınmalıdır ki, emal prosesi zamanı məhsul həcmi 500 kq - 1 ton aralığında olur və bu səbəbdən texniki imkanlara baxmayaraq, bəzən belə hallar baş verə bilər", - məlumatda bildirilib.
Bakının məşhur restoranlar şəbəkəsində övladı üçün hamburger alan valideyn narazı qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Valideyn qeyd edib ki, söhbət "Mado" restoranlar şəbəkəsinin paytaxtın məşhur alış-veriş mərkəzlərindən birində fəaliyyət göstərən filialından gedir.
"Ayın 8-də qızımla bilikdə restoranda nahar etmişik. Azyaşlı qızıma uşaqlar üçün nəzərdə tutulan hamburger sifariş etmişəm, içindən görün nə çıxdı", -deyə valideyn bildirib.

Məsələ ilə bağlı adıçəkilən restoranın əməkdaşı ilə əlaqə saxlasaq da sərt reaksiya ilə üzləşdik:
"Mado"da minlərlə adam çalışır. Məndən niyə soruşursunuz? Ümumiyyətlə mənim nömrəmi sizə kim verib?".
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılır.
"Xahiş edirik ki, qida sahəsində bu cür neqativ hallarla rastlaşan istehlakçılar agentliyin 1003 qaynar xəttinə və ya E-Qidam mobil tətbiqi vasitəsilə bizə məlumat versinlər. Müraciət daxil olduqdan sonra dərhal araşdırma və qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq", - deyə qeyd edilib.
Əzizə İsmayılova