Masallı rayonunun İkinci Səmədxanlı kəndinin sakinləri yollarının uzun illərdir bərbad vəziyyətdə olmasından şikayətçidirlər.
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, kəndi əsas magistral yola birləşdirən təxminən 2.5 kilometrlik yol indiyədək asfaltlanmayıb.
Onlar bildirirlər ki, yolun yararsız vəziyyəti həm gediş-gəlişi çətinləşdirir, həm də insanların sağlamlığı və təhlükəsizliyi üçün ciddi problemlər yaradır. Kənd sakinlərinin sözlərinə görə, yolun bəzi hissələrini öz vəsaitləri hesabına təmir etsələr də, bu, çətinliyi aradan qaldırmayıb.
"Uşaqlarımız çox əziyyət çəkir. Qonşu kəndə məktəbə palçığın içində gedirlər, ayaqqabıları dözmür. Mən bu kənddə böyümüşəm, uşaq olandan bu yolu belə görmüşəm. İndiyədək heç bir tədbir görülməyib", - deyə şikayətçi narazılığını bildirib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Baku TV-nin sorğusuna cavab olaraq bildirilib ki, sözügedən yolun yenidən qurulması ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim olunub və layihənin icrası üçün maliyyə vəsaitinin ayrılması gözlənilir.