Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə bloqer və media nümayəndələri üçün Naxçıvandakı sosial müəssisələrə mediatur təşkil olunub.
Oxu.Az xəbər verir ki, tədbir muxtar respublikadakı sosial müdafiə və reabilitasiya infrastrukturu, əhalinin sosial müdafiəsi sahəsində aparılan işlər və tətbiq edilən yeniliklərlə bloqer və media mənsublarını yaxından tanış etmək məqsədi daşıyıb.
Mediatur iştirakçıları bu ilin avqust ayında açılışı olan Naxçıvan Regional DOST mərkəzinin fəaliyyətini nəzərdən keçirib, burada vətəndaşlara göstərilən operativ, müasir və şəffaf xidmət prosesini izləyiblər.
Qonaqlarla görüşdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə muxtar respublikada icra olunan sosial müdafiə və aktiv məşğulluq proqramları, şəhid ailələri və müharibə iştirakçıları üçün həyata keçirilən sosial dəstək tədbirləri barədə məlumat verib.
Proqram çərçivəsində bloqer və media nümayəndələri Şahbuz rayonundakı Çətin həyat şəraitində olan şəxslər üçün Sosial Reabilitasiya Müəssisəsində olublar. Burada ahıl və digər həssas qruplardan olan şəxslərə göstərilən sosial-məişət xidmətləri, müəssisənin maddi-texniki bazasının gücləndirilməsi və sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat təqdim olunub.
Mediatur iştirakçıları regionun mühüm turizm və mədəniyyət ocaqları olan "Duzdağ" Fizioterapiya və Turizm Kompleksini, həmçinin "Əshabi-Kəhf Ziyarətgahı" Dini-Mədəni Abidə kompleksini də ziyarət ediblər.
Səfərin sonunda qonaqlar Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilən, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin benefisiarları və əməkdar artist Fərqanə Qasımovanın ifalarından ibarət olan inklüziv konsert proqramını izləyiblər.