Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Məişət zorakılığına məruz qaldıqdan sonra yaranan problemlər açıqlanıb
ABŞ-nin San Luis Vaşinqton Universitetində fəlsəfə doktoru (Phd), Braun Sosial İş ve İctimai Səhiyyə fakültəsinin baş elmi işçisi Aytəkin Hüseynli məişət zorakılığına məruz qaldıqdan sonra yaranan problemləri açıqlayıb.
Oxu.Az-ın məlumatına görə, o bu barədə Bakıda “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransın ikinci günündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, məişət zorakılığı halları davamlı və kəskin formada olduqda zorakılığa məruz qalan şəxslərdə xroniki stres baş verir:
“Belə ki, mərkəzi sinir sistemində olan problemlər digər orqanları da sıradan çıxarır. Günümüzün əsas problemlərindən biri olan onkoloji xəstəlikləri yaradan əsas səbəb stresdir.
Ailədə zorakılıq hallarının baş verməsi təkcə münasibətdə olan şəxslərin deyil, birbaşa olaraq övladların həyatına təsir edir. Bu onların davranışlarında özünü büruzə verərək, gələcək iş və ailə həyatına da sirayət edir.
Nəticədə isə həmin şəxs uğursuzluqla qarşılaşır. Bunun üçün də məişət zorakılığına heç bir formada dözüb qalmaq olmaz”.
A.Hüseynli qeyd edib ki, iqtisadi azadlığın olmaması məişət zorakılığı zamanı qadınların ən çox üzləşdiyi və səssiz qalmağa məcbur olduğu haldır:
“Ümumiyyətlə, iqtisadi baxımdan sıxıntıların olması ailədə gərginliyin yaranmasına gətirib çıxarır. Bu isə ailədə məişət zorakılığı hallarının baş verməsi ilə nəticələnə bilir. İqtisadi cəhətdən problemi olmayan xanımlar daha özgüvənli olur, maliyyə problemi yaşayanlar isə çox zorakılıq hallarına məruz qalırlar. Ona görə də iqtisadi zorakılıq vacib bir məqamdır. Bir problemi həll etmək üçün əvvəlcə onu tanımaq və ona ad qoymaq lazımdır. Təhsildən kənarda qalan və ya buna məcbur edilən qızlarımızı təhsilə cəlb etməli, onlara maliyyə bacarığını aşılamaq lazımdır”.
İlhamə Əbülfət
Rəylər