Günay Malikqızı yazır...
“A bala, Şüyüd, ordan adaşını uzat, doğanın içinə doğrayım”
Aranızdan neçə nəfər belə bir cümlə eşitsə, şok yaşaya bilər.
Biz özümüzə bələdik. Yəqin ki, bu cümləni adi qarşılayarıq.
Axı Şüyüd Şüşəbənd və ya Pullu adı ilə müqayisədə, daha yaxşı səslənir.
Yox, amma, səslənmir. Elə şüyüd də şüşəbənd kimi insan adı olaraq gülməlidir.
Amma bir çoxları üçün gülməli deyil, hətta uşağa ad qoyacaq qədər mənalıdır.
Maraqlıdır, oğluna Meyxoş adı verən şəxs oğlu ilə bağlı gələcəyə yönəlik hansı planlar qurur? Meyxoş bəylə hansı məsələ haqda ciddi söhbət aparmaq olar?
Düzdür, ad bostandır. Yəni bostandan hamı pay götürə bilər.
Amma övladına Bostan adı vermək üçün çox “irəli” düşüncəli olmalısan.
Digər tərəfdən, kimə nə? Kim necə istəyir, övladına ad verə bilər. Bəlkə də, haqlısınız. Ancaq axı sonra biz o adlarla o adamları çağırırıq. Sonra adı ilə böyümək istəməyənlər çoxalır.
Ən nəhayət, niyə axı Nazlı adı olan yerdə qızına Qızqayıt deməlisən? Niyə hamı bilməlidir ki, Qızqayıt çox qızı olan atanın, daha qız olmasın deyə baş vurduğu son çarədir.
Bu halda adın mənası var. Qəşəng də səslənir. Amma daşıdığı məna yükü insanın çiyinlərinə də, beyninə də ağırlıq edir.
Qızqayıtlar böyüyür, sonra min oğula dəyir. O adı verənlər üçün ən sevimli övlad olur. Bu tam başqa məsələdir. “Bəsdir” deyib qız doğulmasına son qoyacaqlarını düşünənlər, əslində, o qız övladlarına layiq olmayanlardır. Amma adlarla insanların taleyində iz buraxdığımızı anlamalıyıq.
Digər tərəfdən taledən, uşaqdan, onun komplekslərindən düşünə bilən valideynin ağlına Sərxoş adı gəlməz.