“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi uzun illərdən sonra artıq parlamentin yaz sessiyasının qanunvericilik işləri planına salınıb.
Bunu Oxu.Az-a açıqlamasında ixtisasca həkim olan millət vəkili İlham Məmmədov deyib.
Millət vəkili bildirib ki, bununla bağlı parlament dinləmələri keçiriləcək:
“Həmin dinləmələr zamanı bu sahədə peşəkarların fikirləri, mülahizələri, tövsiyələri dinlənəndən sonra qanun layihəsi tam təkmil şəkildə və son variantda plenar iclasa çıxarılacaq və qəbul olunacaq. Bilirsiniz, həyat elədir ki, təbiətin özündə baş verən kataklizmlər, yeni texnologiyaların tətbiqi insan sağlamlığına təsir edir.
Belə demək mümkünsə, reproduktiv proseslərə qidalandığımız məhsulların, udduğumuz havanın, ətraf mühitin özünün də hansısa bir formada təsiri var və bunlar nəticə etibarilə nəsilartırma funksiyasına, genofondumuzun sağlamlığına təsir edən amillərdəndir.
Odur ki, reproduktiv sağlamlıq bu imkanlardan məhrum olan insanlara yeni bir şans verəcək və bunun ən böyük fəlsəfəsi ondadır ki, qanun qəbul olunursa, onun maliyyə tutumu da olur. Bunun maliyyələşməsini isə dövlət təmin edəcək.
Dövlət öz vətəndaşlarına bu məsələdə yardım əlini uzadacaq. Hesab edirəm ki, bu aspektləri nəzərə alaraq, bu qanun layihəsi qəbul olunmalıdır və inanıram ki, belə də olacaq”.
Millət vəkili hər zaman təşəbbüskarlarından biri kimi çıxış etdiyi “Ailə həkimi haqqında” qanun layihəsinə toxunaraq, bunun vacib olduğunu bildirib:
“Biz bu məsələni bir neçə dəfə komitəmizdə fikir mübadiləsi şəklində müzakirə etmişik. Ancaq bilirsiniz ki, icbari tibbi sığorta məsələləri ilə “Tibbi sığorta haqqında” qanunumuz qəbul olunub, ona payız sessiyasının son iclasında mütərəqqi dəyişikliklər edilib.
Eyni zamanda, ölkə prezidenti tərəfindən İcbari Tibbi Sığorta Agenliyi yaradılıb və o, əhalinin səhiyyəyə əlçatanlığını təmin edən, çox innovativ yeni sistemdir. Dünya təcrübəsindən yararlanaraq, artıq bu sistem bizdə də işə düşüb.
Həmçinin, “TƏBİB” publik hüquqi şəxs yaranıb. Deməli, tibbi sığortanın, müalicə və müalicə işlərinin insanlara əlçatan olması, onun baza zərfinin, paketlərin müəyyənləşməsi üçün artıq işlər görülüb.
Tibbi sığortanın əsas komponenti isə məhz ailə həkimi olacaq. Bundan sonra ailə həkimi tibbi sığortanın əsas bir hissəsini təşkil edəcək.
Həmçinin, bu proseslərdə ortaya çıxa biləcək digər məqamların, münasibətlərin tənzimlənməsi üçün gələcəkdə nəinki ailə həkimi, eyni zamanda, pasiyentin hüquqları haqqında qanuna da ehtiyac yarana bilər.
Həmin qanun layihəsi üzərində parlamentdə, Səhiyyə komitəsində fikir mübadiləsi, danışıqlar gedir və hesab edirik ki, əgər bu yöndə hüquqi tənzimlənməyə ehtiyac olarsa, onu da gələcəkdə müzakirələrə təqdim etmək və qəbuluna nail olmaq olar...”.
Kamil HƏMZƏOĞLU