Tibb işçilərinin maaşı orta aylıq əməkhaqqıdan xeyli aşağıdır.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu parlamentin bugünkü iclasında millət vəkili Fazil Mustafa deyib.
Deputat səhiyyə ilə bağlı məsələyə toxunub. O, bu sahədə ciddi islahatlara ehtiyac olduğunu deyib.
“Azərbaycanda səhiyyə sahəsində ciddi problemlər var. Hər gün bütün millət vəkillərinə müraciətlər daxil olur. Bu məsələ ilə bağlı ciddi tədbirlərin görülməsi ləngiyir. Ölkə başçısı və birinci xanımın köməkliyi ilə çoxsaylı insanlar müalicə alır. Amma bu, kifayət deyil. İnsanların hamısını bu formada təmin etmək imkanı yoxdur. Ona görə səhiyyə sistemində ciddi islahatlara ehtiyac var. Azərbaycanın müstəqilliyi dövründən bu yana səhiyyə naziri fədakarlıqla səhiyyə problemlərinin həllinə öz işini həsr etməyib. Bu gün də eyni vəziyyətdir. Tibb işçilərinin maaşı orta aylıq əməkhaqqıdan xeyli aşağıdır. Tibb işçiləri bazar günləri də işləyirlər. Ancaq onlara ikiqat maaş verilmir. Halbuki dünyanın inkişaf etmiş ölkələrində səhiyyə işçilərinə bazar günləri də işlədiyi üçün ikiqat maaş verilir. Bu məsələ Hesablama Palatasının hesabatında da göstərilir”.
Parlamentin vitse-spikeri Bahar Muradova deputat Fazil Mustafanın səhiyyə naziri Oqtay Şirəliyevi tənqid etməsinə və onun haqqında dediyi “Nazir bizi yarıtmadı” sözlərinə cavab verib.
Vitse-spiker deyib ki, səhiyyə istiqamətində aparılan islahatlar o qədərdir ki, bu, danışmaqla qurtaran deyil:
“Azərbaycanda səhiyyə inkişaf edir. Bəzi problemlər var. O problemlər də yalnız nazirlik səviyyəsində deyil, bizim də nəzarətimizdədir və aradan qaldırmağa çalışırıq. Amma bu o demək deyil ki, səhiyyə nazirinə “səhiyyə naziri bizi yarıtmadı” deyib, loru yanaşılsın. Fazil müəllim, ən azından millət vəkili olaraq sizin bu sözünüz seçicilərimizi pəjmürdə edə bilər. Ona görə də dediklərimizə diqqətlə yanaşmaq lazımdır”.