"O, özü barədə danışmağı sevmirdi. Sadəcə döyüşürdü, dəfələrlə onun şücaətləri barədə eşitmişdik. Amma özü bunu qəhrəmanlıq hesab etmirdi".
Oxu.Az xəbər verir ki, bu sözləri Modern.az-ın "Şəhiddən qalan son foto" rubrikasına şəhid İsmayıl Kərimlinin atası Ceyhun Kərimov deyib.
Döyüşçü İsmayıl Kərimlinin son şəkli müharibə dövrünə, şəhid olmasından 10 gün əvvələ təsadüf edir.
Foto döyüş yoldaşları ilə hərbi tapşırıqları yerinə yetirməyə gedərkən çəkilib. Əslində, bu şəkil minlərlə sözün ifadə edə bilmədiyi məqamları əks etdirir.
Şəhidin atası Ceyhun Kərimov deyir ki, fotonu müharibədən sonra İsmayılın döyüş dostları onlara təqdim edib:
"İsmayıl ümumiyyətlə şəkil çəkdirməyi sevmirdi. Bu şəkli xatirə qalsın deyə, dostlarının təkidindən sonra çəkilib".

Ceyhun Kərimov bildirir ki, İsmayılın özünəməxsus xarakterləri çox olub:
"Vətəni qorumağı özünə borc sayırdı. Görünür, buna görədir ki, evdə heç vaxt döyüşlərdən danışmazdı, hansı təhlükələrin içində olduğunu söyləməzdi. Bəzən 7-8 gündə bir dəfə evə telefon açar, ancaq 10-15 saniyəlik "yaxşıyam, hər şey qaydasındadır" deməklə kifayətlənirdi. Kəşfiyyatçı idi. Günü dağlarda, meşələrdə keçirdi. Mən bunu anlayırdım. Arada dostları deyirdilər ki, bəs, İsmayıl zəng vurmuşdu, vəziyyəti yaxşıdır. O zaman hiss edirdim ki, İsmayıl məktəb, universitet, əsgərlik dostları ilə danışır. Kəşfiyyatçıların taleyi səssizliklə yazılır. İsmayıl da səssiz qəhrəmanlardan idi.
Əlbəttə, bir ata olaraq İsmayılın itkisi mənim üçün çox ağırdır. Ömrü yarımçıq qaldı. Amma qarşılığında minlərlə insanın taleyi bütöv oldu. Həyatı yarım bitdi, Azərbaycanın xəritəsi tamamlandı. Azərbaycan belə oğullarını itirdi, əvəzində ərazi bütövlüyünü aldı".
İsmayılın atası keçmiş xatirələri yana-yana danışır:
"Oğlum sanki müharibə üçün doğulmuşdu. Ölümü sevmirdi, heç vaxt ölüm haqqında danışmırdı. Deyirdi ki, hamı şəhid olsa, torpaqları kim azad edəcək? "Biz döyüşə torpaqlarımızı azad etməyə gedirik" deyirdi. Sən demə, tale onu ən uca zirvəyə aparırmış. Döyüş dostları danışır ki, Topxana meşəsində yüksəkliklərə qalxarkən onlara deyib ki, sizin aranızda ən gözəl şəhid mən olacağam. O zaman İsmayıl bilmirdi ki, dediyi sözlər illərlə insanların ürəyini göynədəcək".
Şəhid atasının sözlərinə görə, döyüş yoldaşlarının danışdığı başqa bir maraqlı hadisə də var:
"Şuşa istiqamətində, Daşaltı əməliyyatı zamanı Qarqar çayı yaxınlığında döyüş yoldaşları ilə birgə susuz qalıblarmış. Hər kəsin suyu bitibmiş. İsmayıl isə çantasında saxladığı su qabını çıxarıb və yoldaşlarına deyib:
"Bunu ən çətin məqam üçün saxlamışdım. Amma hərəniz bir qurtum içəcəksiniz. Kim iki qurtum içsə, mənim əşyalarımı daşıyacaq". Bu cür zarafatlarla döyüş yoldaşlarının ruh yüksəkliyini qorumağa çalışarmış... Əməliyyat yoldaşlarının sözlərinə görə, kəşfiyyatçıların bir-birinə olan münasibəti tamam fərqli olur.
Onlar deyir ki, biz bir-birimizə sonsuz etibar etməli idik. Çünki bir kəşfiyyatçı əsir düşsəydi və ya məlumat sızsaydı, bütün əməliyyat təhlükə altına düşərdi. Buna görə də onların dostluğu, qardaşlığı tamam başqa səviyyədə olub. Az müddətdə bir-birlərini tanımalarına baxmayaraq, bu gün də bir-birləri haqqında böyük sevgi və hörmətlə danışırlar".
Döyüş yoldaşları İsmayılın çox cəsarətli olduğunu söyləyirlər. Əməliyyatlarda hər zaman ön sıralarda olub. Fiziki hazırlığı yüksək imiş. İsmayıl həm də tibbi hazırlıq keçmişdi. Dostları deyir ki, döyüşlərdə çoxsaylı yaralı əsgərlərə ilkin tibbi yardım göstərirdi.
Şəhid olmazdan bir neçə gün əvvəl döyüş yoldaşları maşından düşüb şəkil çəkdirmək istəyiblər. İsmayıl etiraz edib ki, işimiz var, qayıdanda çəkdirərik. Ümumiyyətlə, İsmayıl əməliyyat ərazisində şəkil çəkilməsinə həmişə etiraz edərmiş.
Atası Ceyhun Kərimov deyir ki, oğlu İsmayılla son danışığı 2020-ci il oktyabrın 26-na təsadüf edib:
"Axşam saatları idi, təxminən 10-a işləmiş olardı, zəng vurdu. Hiss etdim ki, çox rahat danışır. Mənə çox qəribə gəldi, soruşdum ki, səndən çıxmayan iş, bu qədər rahat, uzun danışırsan. Dedi ki, danışmağa icazə veriblər. Həmin an başa düşdüm ki, mühüm və çətin bir əməliyyata hazırlaşırlar.
Soruşdum ki, harasa gedirsiniz? Mənə həmişə "ay pa" (ay papa - red.) deyirdi, bu dəfə də eyni şəkildə dedi ki, ay pa, çox vacib və çox çətin bir əməliyyata hazırlaşmışıq, təxminən 7-10 gün məndən xəbəriniz olmayacaq.
Ona dedim ki, ay İsmayıl, ehtiyatlı ol, özünü qoru, səninlə bağlı çox planlarım var. Cavab verdi ki, mən döyüşməyi bacarıram, özün bilirsən axı hansı təlimlərdən keçmişəm. Söylədim ki, ay oğul, bilirəm, amma güllə adam seçmir. Güclü və ya zəif təlim keçməyinə baxmır.
Bir qədər susduqdan sonra dedi ki, ay pa, mən daşın arxasında gizlənən oğlan deyiləm, Vətəni qorumağa gedirəm, bura döyüşməyə gəlmişəm...
İsmayıl vaxt heç vaxt yadımdan çıxmayacaq, mənə çox təsir edən sözlər dedi:
"Ay pa, deyəsən səni bu həyatda çox incitmişəm". Sözünü kəsdim, dedim ki, oğul atanı incidər? Biz səninlə ancaq fəxr edirik.
Sağollaşan zaman isə dedi: "Ay pa, gəl düzünü danışaq. Birdən 10-15 gün keçər, kimsə sənə zəng edib desə ki, sən İsmayılın atasısan, möhkəm ol. Bil ki, mən artıq yoxam. Amma qayıtsam, özüm zəng edəcəyəm. Narahat olma. Bir onu bil ki, mən evə yaralı qayıtmayacağam".
Nə qədər toparlanmaq istəsəm də, İsmayılın bu sözlərinə cavab verə bilmədim. Boğuldum…
Sonradan döyüş yoldaşları danışırdılar ki, Daşaltı əməliyyatında yaralıları yüksəklikdən təxliyə edərkən İsmayıl onlara deyib ki, mən belə qayıtmaq istəmirəm: ya öz ayaqlarımla qayıdacam, ya da bunu görmək istəmirəm"…
Ceyhun Kərimov deyir ki, 2020-ci il noyabr ayın 4-ü saat 10-a 20 dəqiqə işləmiş digər oğlu Rəvandan ona zəng gəlib:
"Bağda idim, telefonu götürdüm, Rəvan danışa bilmirdi. Başa düşdüm ki, İsmayıl yoxdur. Son danışığımızda İsmayıl demişdi ki, zəng gəlsə möhkəm ol…
Allahıma çox minnətdaram, İsmayılın şəhid xəbərini birinci mənə demədilər. Əgər kimsə zəng edib bunu mənə desəydi, o xəbəri ailəmə, həyat yoldaşıma, övladlarıma necə çatdıracağımı bilməzdim. Yəqin ki, ürəyim partlayardı, amma o sözü dilimə gətirə bilməzdim.
İsmayıl döyüşdə, düşmənlə üz-üzə qarşıdurmada şəhid olub. Əli silahlı, son ana qədər vuruşaraq şəhidlik zirvəsinə ucalıb. O, bizim başımızın tacıdır. Nə qədər ki yaşayırıq, nəfəs alırıq, onun adı, kölgəsi, xatirəsi və qəhrəmanlığı ilə yaşayacağıq. Mən bir ata kimi oğlumla fəxr edirəm".
Qeyd edək ki, İsmayıl Kərimli 1997-ci il oktyabrın 10-da Bakı şəhərində anadan olub. 2015-2019-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib.
İsmayıl Kərimli 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
2020-ci ildə Zəfər savaşına könüllü qatılıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hadrut əməliyyatları zamanı döyüş yoldaşlarının əhatəyə aldığı səngərə daxil olub və Ermənistan Silahlı Qüvvələrinin bir neçə əsgərini məhv edib.
İsmayıl Kərimli noyabrın 4-də Daşaltı istiqamətində döyüş yoldaşlarını xilas edən zaman ağır yaralanıb və şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, İsmayıl Kərimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Dövlət başçısının digər sərəncamları ilə "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.