Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Xocavənd Şəhəri Günü çərçivəsində konsert proqramı təşkil olunub.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə tədbirdə Dövlət Himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konsert proqramından əvvəl çıxış edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Xocavənd Şəhəri Günü münasibətilə sakinləri və qonaqları təbrik edib. O bildirib ki, bu gün Xocavənd tarixində əlamətdar gündür, çünki şəhər günü ilk dəfə qeyd olunur. Xüsusi nümayəndənin sözlərinə görə, bir il əvvəl Xocavənd rayonuna, o cümlədən Xocavənd şəhərinə Böyük Qayıdış başlanıb və bu proses ardıcıl şəkildə davam etdirilir.
Daha sonra Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solistlərinin ifasında sevilən mahnılar səsləndirilib. Konsert proqramında tanınmış incəsənət nümayəndələri çıxış edib, müxtəlif musiqi və bədii nömrələr təqdim olunub.
Bu gün, həmçinin Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq təşkil olunub. Musiqi sədaları altında bir-birini əvəz edən al-əlvan işıq kompozisiyaları bayram ovqatını daha da yüksəldərək günün təntənəli ab-havasını tamamlayıb.
20 Sentyabr - Xocavənd Şəhəri Günü münasibətilə Xocavənd şəhərində genişmiqyaslı ictimai-mədəni tədbirlər təşkil olunub.
Oxu.Az xəbər verir ki, tədbir Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə təşkil edilib.
Tədbirin keçirilməsində məqsəd Xocavəndin işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünü və tam suverenliyini qeyd etmək, xalqımızın zəfər tarixini yaşatmaqdır.
Günün sonunda Xocavənd Şəhəri günü münasibətilə atəşfəşanlıq gözlənilir.