"Yadigar müəllimlə 30 ildən çox idi ki, tanış idik. "Qulp"a "Aşıq" obrazı axtarırdım. Uzun seçimdən sonra onun üzərində dayandıq".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Əməkdar jurnalist, "Qulp" studiyasının rəhbəri Mübariz Əsgərov aktyor Yadigar Muradovun dəfnindən sonra deyib.
O bildirib ki, Y.Muradov "Qulp"dan sonra "Aşıq Yediyar" kimi xalqın sevimlisinə çevrildi:
"Sonuncu dəfə üç ay bundan əvvəl bir layihə barədə onunla görüşdük. Lakin əməliyyatdan sonra Yadigarın səsində problemlər var idi. Razılaşdıq ki, səsi düzəlsin, sonradan layihəni həyata keçirək. Təəssüf ki, dünyasını dəyişdi, istəyimiz alınmadı. Vətən həsrəti çəkirdi, şükürlər olsun ki, torpaqlarımız işğaldan azad edildi, amma Yadigar, əfsus ki, Şuşalı günləri az gördü".
Aqil Vəlili