"Bəlkə da Yadigar müəllimlə ən çox xatirəsi olan adam mənəm. Onunla birlikdə eyni orta və ali məktəbi bitirmişik".
Bu sözləri Oxu.Az-a açıqlamasında Əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru Teymur Məmmədov Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun dəfn mərasimi öncəsi deyib.
O bildirib ki, sözügedən teatrı Yadigar Muradovla birlikdə qurublar:
"O qədər xatirlələrimiz var ki… Bəzən deyirlər ki, əvəzedilməz insan yoxdur. Amma hər kəs əvəzedilməzdir. Yadigar müəllim yumoru, təbəssümü ilə hamının qəlbini fəth etmişdi. Şuşa Dövlət Musiqili Dram Teatrına Yadigar yox, başqası rəhbərlik etsəydi, çoxdan bağlanmışdı. Məcburi köçkünlük dövründə teatrı yaşatdı və xeyli insan evinə çörək apardı. O, əvəzolunmaz idi".
Əməkdar artist mərhumla son təmasından danışıb:
"Yadigar müəllimin qardaşı nəvəsinin toyunda birlikdə idik. Danışıb, güldük. Oynadıq. Toydan bir gün sonra da birlikdə idik. Mərasim, toy haqda danışdıq. Görüşdən sonra teatrdan gedəndə yolda təzyiqi qalxıb, aparıblar xəstəxanaya. Yanına getməyə icazə yox idi. Buna çox təəssüf edirəm".
Qeyd edək ki, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov bu gün səhər saatlarında vəfat edib.
Aqil Vəlili