"Yadigar müəllimlə ailəvi dost idik. Tələbə yoldaşı olmuşuq, cavanlığımız birlikdə keçib".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Əməkdar artist Azad Şükürov Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradovun dəfn mərasimi öncəsi deyib.
O bildirib ki, sonuncu dəfə Yadigar Muradovla ötən ay görüşüblər:
"Yaxın qohumunun toyunda birlikdə əyləşmişdik. Xeyli dərdləşdik. Adəti üzrə zarafatından geri qalmırdı. Necə olduğunu soruşdum, gülə-gülə dedi ki, niyə darıxırsan, bir şey qalmayıb, narahat olma. Mən də dedim yekə kişisən, bu nə sözdür deyirsən? Gülüşdük. Dosta, tanışa, qohuma çox sədaqətli adam idi. Teatra bağlı biri kimi yaddaşlara həkk olundu".
Əməkdar artist Yadigar Muradovun reallaşmayan arzusundan bəhs edib:
"Arzusu o idi ki, teatrı Şuşaya aparsın. İşğaldan azad edildikdən qısa müddət sonra Şuşaya səfər etmişdik. Gecə xeyli şəhəri gəzdik. Şuşa teatrının açılışı "Arşın mal alan" tamaşası ilə olmuşdu. Deyirdi ki, Şuşaya qayıdan kimi, ilk olaraq "Arşın mal alan"ı oynayacağıq, özü qoçu Əsgər rolunu canlandıracaq. Deyirdim yaşlı adamsan, zarafata salırdı ki, onda Sultan bəyi oynayaram. Təəssüf ki, bizimlə axırıncı zarafatını etdi".
Aqil Vəlili