Ağsu şəhər 3 nömrəli tam orta məktəbdə müəllimin şagirdə fiziki zorakılıq göstərdiyi iddia olunur.
Baku TV-nin qaynar xəttinə müraciət edən valideyn Əli Məmmədov 11 yaşlı oğlunun tarix müəllimi Dilarə Eminova tərəfindən döyüldüyünü bildirir.
Valideynin sözlərinə görə, hadisə oktyabrın 15-də tarix dərsi zamanı baş verib.
Belə ki, 6-cı sinif şagirdi olan oğlunun qarşısında "Tarix" kitabı əvəzinə "Azərbaycan dili" kitabı olub. Müəllim bunun səbəbini soruşduqda isə şagird "Azərbaycan dili" fənnindən mövzunu öyrəndiyini və dərsə hazırlaşdığını bildirib. Bundan sonra müəllimin ona fiziki zorakılıq göstərdiyi iddia olunur.
"Uşağın qulağına, ayağına vurub, qolunu göyərdib. Müəllim deyir ki, əsəblərimə hakim ola bilmədim. Direktora şikayət etdim, məsələ ilə şəxsən məşğul olacaqlarını bildirdilər", - deyə valideyn əlavə edib.
Məktəbin direktor əvəzi Cəmil Şərifov bildirib ki, hadisə ilə bağlı şagirdlə həm məktəb psixoloqu, həm də özü söhbət aparıb.
Onun sözlərinə görə, müəllimlə bağlı yekun qərar araşdırmanın nəticələrinə əsasən veriləcək:
"Hadisə ilə bağlı müstəntiq araşdırma aparacaq. Mən də müəllimlə söhbət edəcəyəm. Müəllimi birdən-birə işdən çıxara bilmərəm. Valideynləri də uşağın çox ərköyün olduğunu deyirlər. Bura məktəbdir, uşağın nazı ilə oynamayacağıq ki... Araşdırılsın, görək günah kimdədir, məsələ nədən qaynaqlanır. Nəticəyə uyğun qərar veriləcək".
Məsələ ilə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsindən bildirilib ki, Ağsu rayon 3 nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəlliminin 6-cı sinif şagirdinə qarşı uyğunsuz davranışı iddiaları ilə bağlı araşdırma aparılır.
Araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq tədbirlər görüləcək. Qurumdan qeyd edilib ki, ümumtəhsil müəssisələrində təlim-tədris prosesi ilə yanaşı, şagirdlərin təhlükəsizliyi və daxili nizam-intizam qaydalarına əməl edilməsinə nəzarət əsas amil kimi daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür.