Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Musiqi müəllimlərinin attestasiya imtahanlarının detalları AÇIQLANDI
Dekabrın 6-da Muzey Mərkəzində musiqi, incəsənət məktəb və mərkəzlərində müəllimlərin bilik və bacarıqlarının ölçülməsi prosesi ilə bağlı mətbuat konfransı keçirilib.
Oxu.Az xəbər verir ki, Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova attestasiyanın məqsədinin nazirliyin tabeliyindəki təhsil müəssisələrində müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və optimal müəllim heyətinin formalaşdırılması olduğunu bildirib:
"Qiymətləndirmə ümumilikdə ölkə üzrə 2025-2026-cı illər ərzində keçirilməsi planlaşdırılır. İlk mərhələdə fortepiano və musiqi nəzəriyyəsi ixtisasları, daha sonra digər ixtisaslar üzrə attestasiya aparılacaq".
Attestasiya komissiyasının formalaşdırılması haqqında məlumat verən mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov deyib ki, hər biri 5 nəfər olmaqla fortepiano ixtisası üzrə 7, musiqi nəzəriyyəsi ixtisası üzrə 3 komissiya yaradılacaq.
Qanunvericiliyə uyğun olaraq, komissiyanın bir üzvü Həmkarlar İttifaqı Komitəsindən, digər 4 üzv isə müstəqil ekspert qismində Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Milli Konservatoriyası və digər qurumlardan cəlb ediləcək.
Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov bildirib ki, bu il Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil ocaqlarına 123 müəllim işə qəbul edilib. Boş qalan yerlərə isə 35 əlavə qəbul reallaşdırılıb. Qəbul prosesi ilk dəfə olaraq "my.culture.az" vahid şəxsi kabinet vasitəsilə aparılıb. İşə qəbul olunanların ilk dəfə olaraq 65 faizi ali təhsillidir.
Qeyd olunub ki, ilk olaraq 2025-ci ilin fevral ayı ərzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan məktəblərdə, həmçinin Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə fəaliyyət göstərən müəllimlərin qiymətləndirilməsi aparılacaq. Daha sonra Mil-Muğan, Şirvan-Salyan və Quba-Xaçmaz Regional Mədəniyyət idarələri üzrə ilin sonunadək fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə attestasiyanın yekunlaşdırılması planlaşdırılır.
İlkin mərhələdə ümumilikdə 4100 müəllimin attestasiyadan keçirilməsi nəzərdə tutulur. Qiymətləndirmə prosesinə fortepiano və musiqi nəzəriyyəsi ixtisaslarından başlanılması məsələsinə toxunan Cəsarət Valehov deyib ki, bu ixtisaslar üzrə müəllimlərin sayı bütün müəllimlərin ümumi sayının 57 faizini (fortepiano 45%, musiqi nəzəriyyəsi 12%) təşkil edir.
Diqqətə çatdırılıb ki, hər bir ixtisas üzrə attestasiya proqramı hazırlanıb, qanunvericiliyə əsasən, prosesin başlanmasına bir ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan müəllimlərə veriləcək. Proqramlar nazirliyin rəsmi səhifəsində də yerləşdiriləcək. Sonda media nümayəndələrinin sualları cavablandırılıb.
Rəylər