Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas elektrik enerji sistemi ilə birləşdirilməsi və Azərbaycan-Naxçıvan-Türkiyə-Avropa beynəlxalq enerji dəhlizinin formalaşdırılması məqsədilə Zəngəzur xəttinin tikintisinin birinci mərhələsi yekunlaşmaq üzrədir.
"AzərEnerji" ASC tərəfindən Cəbrayıldan Ağbəndə qədər 74 kilometr məsafədə ikidövrəli, 1 000 MVt yükötürmə qabiliyyətinə malik 330 kV-luq yüksəkgərginlikli elektrik ötürmə xəttinin çəkilişi başa çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Məlumata görə, hər birinin orta çəkisi 30 tondan çox, hündürlüyü isə 45 metrə yaxın olan 296 ədəd anker və aralıq dayağından ibarət xətt üzrə işlərin 97 faizi icra edilib.
Çətin iqlim şəraiti və mürəkkəb relyefə malik ərazidə aparılan işlərin qrafikdən əvvəl tamamlanması nəzərdə tutulur.
Növbəti mərhələdə Ordubaddan Naxçıvana qədər 100 kilometr, Zəngəzur dəhlizindən keçməklə 44 kilometr, Naxçıvandan Türkiyə istiqamətində isə 230 kilometr məsafədə elektrik ötürmə xətlərinin çəkilməsi planlaşdırılır.
Bildirilib ki, layihə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın vahid enerji sisteminə tam inteqrasiyası, tezlik tənzimlənməsi baxımından xarici ölkədən asılılığın aradan qaldırılması, Avropa enerji bazarlarına çıxış imkanlarının yaradılması və yaşıl enerjinin ötürülməsi baxımından strateji əhəmiyyət daşıyır.
Layihə Azərbaycanın ən iri enerji layihələrindən biri kimi qiymətləndirilir.