Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Naxçıvanda yeni publik hüquqi şəxs yaradılıb
“Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs yaradılıb.
“Report”un məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Fərman imzalayıb.
Fərmanda deyilir ki, “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsə ümumi rəhbərliyi və nəzarəti NMR Ali Məclisi sədrinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və digər dörd üzvdən ibarət Müşahidə Şurası həyata keçirir.
“Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin Müşahidə Şurası NMR Ali Məclisi sədrinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən, NMR səhiyyə nazirinin müavinindən, NMR əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinindən, NMR İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavinindən və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının NMR Komitəsinin sədrindən ibarət tərkibdə formalaşdırılır.
“Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin fəaliyyətinə cari rəhbərliyi “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir. İcraçı direktorun Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini var.
“Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, tabeliyində olan səhiyyə müəssisələrinin göstərdiyi xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və qanunla qadağan olunmayan digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçirilir.
“Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi NMR Ali Məclisinin sədrinə həvalə edilir.
Rəylər