Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Nazir müavini: "Dəyən ziyanı 30 faizə endirmək mümkündür"
"Dünyada iqlim dəyişiklikləri təhlükəli atmosfer hadisələri ilə müşahidə edilir və bu təsirlər artmaqdadır. Azərbaycanda atmosferin müxtəlif parametrləri üzərində daim müşahidələr aparılır. Bu məlumatların vacibliyi ondan ibarətdir ki, istənilən bir təhlükəni öncədən proqnozlaşdırmaqla fəsadları minimuma endirmək mümkündür. Ümumdünya Meteorologiya Təşkilatının proqnozlarına görə, hansısa anormal hadisə, təbii fəlakət haqqında məlumat 24 saat öncədən verilirsə, o zaman dəyən ziyanı 30%-ə endirmək mümkündür".
Oxu.Az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Maştağa qəsəbəsində yerləşən Aeroloji Stansiyasında ilk radiozond hava şarının havaya buraxılması ilə bağlı danışan ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.
O bildirib ki, Maştağada yerləşən Aeroloji Stansiyada müşahidələrin bərpa edilməsinin və ilk radiozond şarın havaya buraxılmasının hidrometeorologiya sahəsinin inkişafına dəstəyi böyük olacaq:
"Atmosferin müxtəlif təbəqələri üzrə dəyişmələr müşahidə ediləcək, bu məlumatlar regional yayıma ötürüləcək. Proqnozlar üçün lazımi xəritələrdə sözügedən məlumatlar istifadə olunacaq. Bütün bunlar Azərbaycanın atmosfer üzərində aparılan ümumi müşahidə sistemlərinə töhfə verəcək".
Məhərrəm Əliyev
Rəylər