Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Maştağada aeroloji müşahidələr BƏRPA EDİLDİ - İlk radiozond hava şarı buraxıldı
Milli Hidrometeorologiya Xidmətinin Maştağa qəsəbəsində yerləşən Aeroloji Stansiyasında müşahidələr bərpa edilib və ilk radiozond hava şarı buraxılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov açıqlama verib.
O əvvəlcə hava şarının önəmindən söz açıb:
"Erkən Xəbərdarlıq Sisteminin əsas tərkib hissələrindən biri olan aeroloji müşahidələr zamanı havaya buraxılan radiozond 30 km-dən artıq yüksəkliyədək və 200 km radiusda mütəmadi olaraq meteoroloji göstəriciləri - temperaturu, rütubəti, küləyin parametrlərini, atmosfer təzyiqini öyrənmək imkanı verəcək, bu da öz növbəsində əhaliyə təqdim olunan hidrometeoroloji proqnoz və xəbərdarlıqların dəqiqliyini daha da artıracaq. Radiozond atmosfer təbəqələrinə qalxdıqca müxtəlif hündürlüklərdə ölçülmüş meteoroloji elementləri radiosiqnallar vasitəsilə serverə ötürəcək".
Xidmət rəisi bildirib ki, aeroloji müşahidələr hava proqnozlarının tərtib edilməsində mühüm əhəmiyyət kəsb edəcək və bu müşahidə sisteminin bərpası ölkəmizdə hidrometeorologiya sahəsinin inkişafına töhfə verəcək.
N.Mahmudovun sözlərinə görə, dövlət investisiya layihəsi çərçivəsində bərpa edilən aeroloji müşahidə məlumatları vasitəsilə ölkəmizin beynəlxalq hava proqnozu yayımının tərkib hissəsi olaraq Qlobal Erkən Xəbərdarlıq Sisteminə inteqrasiyası davam edəcək:
"Yeni stansiyanın fəaliyyətə başlaması, eyni zamanda, Azərbaycanda iqlim dəyişmələrinə uyğunlaşma sahəsində həyata keçirilən mərhələli tədbirlərin tərkib hissəsi kimi qiymətləndirilir.
Yaxın gələcəkdə ölkəmizdə Erkən Xəbərdarlıq Sisteminin inkişaf etdirilməsi istiqamətində işlər davam etdiriləcək".
Daha çox foto burada: PhotoStock.az
Məhərrəm Əliyev
Rəylər