Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Tərtər rayonuna səfər edəcək.
Təhsil Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, nazir Mikayıl Cabbarov mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, 20 oktyabrda saat 11:00-da Tərtər şəhərindəki Gənclər Mərkəzində Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon sakinlərini qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar 15, 16 və 17 oktyabr tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyatı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.