Afrika yenə çalxalanır. Bunun başlıca səbəblərindən biri xarici qüvvələrin maraqlarının toqquşmasıdır. Bir zamanlar daha çox SSRİ ilə Qərb arasında bölünən bu qitədə indi təsir dairəsini genişləndirmək istəyən güc mərkəzlərinin sayı artıb. Bu isə Afrika ölkələrində sabitliyi pozur.
Baş verənlər hərbi-siyasi, sosial-iqtisadi və geosiyasi vəziyyətə mənfi təsir göstərir. Afrika ölkələrində ötən əsrin 60-70-ci illərində olduğu kimi, yenə qeyri-sabitlik hökm sürür. Qitənin şimalındakı “Ərəb baharı” inqilabının mənfi nəticələri hələ də aradan qaldırılmayıb.
Bütün bu proseslərin fonunda iyulun 26-də Nigerdə hərbi çevriliş olub. Demokratik yola seçilən Prezident Məhəmməd Bazum hakimiyyətdən uzaqlaşdırılıb. Ölkədə oxşar hadisə 2010-cu il fevralın 18-də də baş vermişdi.
Tarixdən yaxşı məlumdur ki, 1960-70-ci illərdə dünyada baş verən istənilən hakimiyyət dəyişikliyinin arxasında ya kommunist rejimi qurmaq istəyən SSRİ, ya da onunla mübarizə apardığını bəyan edən Qərb dayanırdı.
O da sirr deyil ki, belə hadisələrin arxasında böyük güclər dururlar. Onlar olmayanda “əməliyyatlar” başa tutmur. Yaxud belə “dəyişikliklər” xarici qüvvələrin maraqlarının təmini nəticəsində baş verir.
Belə güclərin bir hissəsi Nigerdə məqsədlərinə çatıblar. General Abdurəhman Çiani özünü Vətənin Xilası Milli Şurasının sədri elan edib. Onun iddiasına əsasən, qiyama ölkədə təhlükəsizlik sahəsində vəziyyətin pisləşməsi səbəb olub.
Afrikanın uranla zəngin, amma vətəndaşları yoxsul olan bu ölkəsində reallaşan çevrilişin arxasında hansı dövlət və ya dövlətlər dayanır? Hadisələrdə adları hallanan bəzi dövlətlər hakimiyyət dəyişikliyində iştiraklarını inkar edirlər.
ABŞ çevrilişi pisləyərək Nigerlə bütün əlaqələri kəsəcəyini açıqlayıb.
Nigerin 1960-cı ilədək Fransanın müstəmləkəsi olduğunu nəzərə alsaq, hərbi çevrilişin arxasında rəsmi Paris də ola bilər.
Afrika ölkələri, o cümlədən Əlcəzair, Ruanda, Niger, Kot-d'İvuar və s. Fransanın törətdiyi soyqırımıları da unutmayıb. Bununla belə son illər Yelisey sarayı Afrika ölkələrində mövqelərini gücləndirməyə səy göstərir. İndiki Prezident Emmanuel Makronun “yumşaq güc” siyasəti isə məhsuldar deyil. Afrika ölkələri rəsmi Parisə artıq etibar etmirlər. Fransanın Malidən qoşunlarının çıxarması da bunu təsdiqləyir. Nigerin də bu ölkə ilə çox sıx əlaqəsi var. Ancaq çevrilişin əsas hədəflərindən biri anti-Fransadır. Ona görə də E.Makronun Afrika siyasətinin iflasa uğradığını da söyləmək mümkündür. Nigerdə hakimiyyəti ələ keçirən generalların Fransaya qarşı tutduğu mövqe də bunu təsdiqləyən faktlardan biridir.
Hərbçilər Fransa ilə hərbi əməkdaşlığa dair müqavilədən çıxdıqlarını açıqlayıblar. Başqa sözlə Makronun Fransası Nigerdən qovulur. Hərbi hakimiyyət də ABŞ və Fransadan Nigerdəki qoşunlarının çıxarmağı tələb edib.
İŞİD terror qruplaşmasına qarşı mübarizə məqsədi ilə Nigerdə Fransanın 1500, ABŞ-nin isə 1000 hərbçisi yerləşdirilmişdi. Onlar Niger hərbçilərinə təlim keçirdilər.
Bundan başqa, ölkənin idarəçiliyini ələ keçirən hərbçilər Fransa, ABŞ, Nigeriya, Toqodakı səfirləri geri çağırıblar. Fransa telekanallarının yayımı qadağan edilib.
Hərbi çevrilişdə ABŞ-nin rolu da elə ciddi şəkildə görünmür. Rəsmi Vaşinqton hərbçilərin hakimiyyəti devirməsini qanunsuz addım kimi qiymətləndirib və kəskin şəkildə qınayıb. Hətta ABŞ bu ölkə ilə bütün əlaqələrini kəsəcəyini bildirib.
Bu hadisədə Böyük Britaniya və ərəb ölkələrinin adı hallanmır. Keçmiş SSRİ təcrübəsinə əsaslanan Rusiya da çevrilişə yardım edənlərdən sayılır. Düzdür, rəsmi Moskva ilk gündən bu hadisədə əli olmadığını açıqlayıb.
Ancaq hadisənin II Afrika-Rusiya sammitinin açılışından bir gün əvvəl baş verməsi və general Abdurəhman Çianinin Rusiyaya qarşı heç bir iddia irəli sürməməsi şübhələri artırır.
Qeyd edək ki, həmin iclas iyulun 27-28-də Sankt-Peterburqda keçirilib. Toplantıda Afrikanın 54 dövlətindən 17-si iştirak edib. 2019-cu ildə Soçidə keçirilən birinci sammitə isə Afrikanın 43 ölkəsindən nümayəndə qatılmışdı. Bu sammit qitə ölkələrinin Rusiya və onun tədbirinə verdikləri əhəmiyyətin azalmasının göstəricisi sayılmalıdır.
Nəzərə almaq lazımdır ki, “Vaqner” 20 ilə yaxındır Afrikada fəaliyyət göstərir. Onun mövcud olduqları yerlərdə Rusiyaya aid şəbəkə qurduğu ehtimalı yüksəkdir.
Hakimiyyətdən uzaqlaşdırılan və hazırda girov olduğunu bildirən Prezident Məhəmməd Bazum yaxın zamanlarda mərkəzi Afrika ölkələri Qərbi Səhra (Saxara), Mavritaniya, Niger, Burkino-Faso, Çad, Eritreya, Sudanın Rusiya və bu hərbi qruplaşmanın nəzarətinə keçəcəyi barədə xəbərdarlıq edib. Son illər Mali və Yuxarı Voltda (indi Burkino-Faso adlanır) hakimiyyət çevrilişləri olub.
Bu, Afrikanın qərbində Qərblə Rusiya-Çin cütlüyünün mübarizəsinin göstəricisi sayılır. Çin son on ildə bu qitəyə xüsusi diqqət ayırmağa başlayıb. Pekin Afrikanın sahillərində hərbi bazalar salmaq niyyətindədir. Bir neçə il əvvəl onun Cibuti də hərbi baza salması buna örnək ola bilər. Çin 2018-ci ildə Afrika ölkələrinə 200 milyard dollarlıq sərmayə qoyub. Bu rəqəm 2017-ci ildə 148 milyard dollar təşkil edib.
Odur ki, Nigerdə baş verənləri Pekinlə Moskvanın birgə əməliyyatı da saymaq olar. Rusiya və Çinin olduğu yerdə İran hakimiyyətinin də imzası görünür.
Yayılan xəbərlərə əsasən, çevrilişdən sonra İran İnqilab Keşikçiləri Qvardiyasının “Qüds” qoşununun komandanı general İsmayıl Kaaninin Liviyadan keçərək Nigerə səfər etdiyinə dair məlumatlar yayılıb. “Qüds”ün xarici kəşfiyyatın bir qolu olduğunu nəzərə alsaq, o zaman Nigerdə baş verənlərin arxasında Rusiya-Çin-İran üçlüyünün dayandığı ehtimalı daha böyük olur.
Ehtimallara görə, Ukraynadakı hadisələrdən diqqəti yayındırmaq, yaxud şərtlərini qəbul etdirmək üçün Rusiya Afrikada ABŞ başda olmaqla Qərbin maraqlarına qarşı belə hadisələr törədə bilər. Qitə ölkələrinin bir çoxu vaxtı ilə SSRİ-nin nüfuz dairəsində olub. Bu isə həmin ölkələrdə vəziyyəti qarışdırmaq üçün Rusiyanın imkanlarını hələ də tükənmədiyini ehtimal etməyə əsas verir. İyulun 30-da Fransanın paytaxt Niamedəki səfirliyinin binası qarşısında keçirilən nümayişdə “Yaşasın Rusiya!”, “Yaşasın Putin!”, “Rədd olsun Fransa!“ şüarlarının səslənməsi də təsadüfü deyil.
Qeyd edək ki, “RİA Novosti” sammit iştirakçılarına pulsuz nahar verildiyini xəbər vermişdi. “RİA Novosti”nun bu xəbəri “Rusiya afrikalıları hələ də pulsuz yedizdirir. Rusiya Afrikanı həmişə yedizdirib. Afrikalı aclar Rusiyaya gəlib” eyhamı kimi qarşılanıb. Rusiya Prezidenti Vladimir Putin görüşdə elan edib ki, Zimbabve, Burkino-Faso, Somali və Eritreya ölkələrinə 25-30 min ton pulsuz taxıl verəcək.
Afrikadakı fəaliyyətinə diqqət edilsə belə çevrilişləri Çinin maliyyələşdirdiyi qənaətinə gəlmək olar - yaxud kəşfiyyat, şəbəkə, sosial baza Rusiyadan, vasitəçilik İrandan, maliyyə vəsaiti də Pekindən.
Ona görə də Nigerdəki hadisələr Afrikada yeni iğtişaşların və qarşıdurmaların olacağı ehtimalını artırır.
“Report” İnformasiya Agentliyi