Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Nine Senses" incəsənət mərkəzində "Qobustan kodları" kolleksiyasının nümayişi keçirilib
"Nine Senses" incəsənət mərkəzində "Amorini Concept" brendinin "Qobustan kodları" kolleksiyasının nümayişi keçirilib.
Oxu.Az-ın məlumatına görə, fevralın 21-də "Nine Senses" incəsənət mərkəzində yerli "Amorini Concept" brendinin "Qobustan kodları" adlı 35 modeldən ibarət kolleksiyası nümayiş olunub.
Dizayner Günay Əliyeva Qobustanın qədim simvollarını müasir formada kişi və qadın geyimlərində təcəssüm etdirərək onları yenidən ərsəyə gətirib.
Kolleksiya "Nine Senses" İncəsənət Mərkəzi ilə birgə yaradılıb, 2024-cü ilin noyabrında açılan və 30 avqust 2025-ci il tarixinədək davam edəcək "Qobustan kodları" tədqiqat sərgisinin bir hissəsinə çevrilib.
Sərginin konsepsiyası ondan ibarətdir ki, rəssamlar keçmişdəki kod və informasiyanın ötürücüləridirlər, yaradıcılıq isə qədim dövrlə müasir zamanı əlaqələndirmək üsuludur.
"Nine Senses"in akademik direktoru Nataliya Jukova Oxu.Az-a bildirib ki, layihənin əsas məqsədi Qobustanı populyarlaşdırmaq və cazibə məkanı kimi tanıtmaqdır.
"İdeya ondan ibarətdir ki, bütün insanların ilahi fitrəti birdir, ona görə də bugünkü sərgimiz varlığın əbədi həyat dairəsi üzərində qurulub. Hər bir insanın üzərinə göylərdən ilahi nur saçır. Fəqət insanın bunu qəbul etməyə hazır olub-olmaması artıq onun şəxsi məsələsidir. Bu mesaj həm də "Qobustan kodları" sərgimizdə mandalalardan (simvollardan - red) götürülmüş yeni kolleksiyadakı paltarların üzərindəki naxışlarda da öz əksini tapıb", - deyə Nataliya Jukova bildirib.
Mərkəzin direktorunun sözlərinə görə, hər bir insan nurdan yaranır və başlanğıcını da bu nurdan götürür. Tədbirdə eyni zamanda, bu məqamdan bəhs edilir.
"Bundan əlavə, "Qobustanın kodları" layihəsi çərçivəsində həmfikirlərimizdən ibarət komandamız dünyanın müxtəlif yerlərindən Qobustana turistləri cəlb etmək üçün ezoterik turizm mərkəzi ideyasını düşünüblər. Biz Azərbaycanda tarixən və bu gün mövcud olan böyük təlim və inancları - atəşpərəstliyi, zərdüştlüyü, islamı, xristianlığı, mitraizmi bir araya gətiririk. Biz bu yerin konsepsiyasını dərindən öyrənmək üçün tarixçilərdən, antropoloqlardan, şamanlardan ibarət tədqiqat işçi qrupu yaradacaq və onların biliklərini ezoterik mərkəzimizdə birləşdirəcəyik", - deyə N.Jukova vurğulayıb.
Öz növbəsində, kolleksiyanın dizayneri Günay Əliyeva qeyd edib ki, yaxın vaxtlarda bu kolleksiya xaricdə "Fashion Week" moda sərgisində təqdim olunacaq: "Kolleksiya hazırda "Nine Senses"da satışdadır. Planımıza internet saytının yaradılması və kolleksiyanın bütün dünyaya satılması daxildir".
Günay Əliyeva Azərbaycan rəssamları ilə birgə milli ornamentlərdən ibarət yeni kolleksiyalar yaratmağı, eləcə də məşhur italyan rəssamları ilə əməkdaşlıq etməyi nəzərdə tutur.
"Hələlik bütün təfərrüatları açıqlamaq istəmirəm. Sadəcə qeyd etmək istəyirəm ki, İtaliyadan olan rəssamlar bizim yerli rəssamlarla layihəmizlə tanış olduqdan sonra mənə əməkdaşlıq təklif etdilər. Onlar bu ideyanı çox bəyəndilər və biz onu mütləq həyata keçirəcəyik," - deyə dizayner bildirib.
Kolleksiyanın əsas motivi insanların, sənətin və zamanın vəhdətini simvolizə edən dairədir.
Müəlliflərin fikrincə, biz hamımız işıqdan gəlmişik, deməli, biz ilk növbədə bir-birimizə bağlıyıq. Bu fikir təkcə geyimdə deyil, həm də şounun tərkib hissəsinə çevrilən rəqs tamaşasında öz əksini tapıb.
Qeyd edək ki, layihəyə təkan verən rəssam Mahatma Rerixin "Zərdüşt" adlı unikal tablosu olub. Mumbaydan olan zərdüştlərin xahişi ilə maarifpərvər rəssam Zərdüştü vətəni Azərbaycanda təsvir edib.