Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Qobustan – Bəşəriyyətin sirli kodu kimi" mövzusuna həsr olunmuş dəyirmi masa keçiriləcək
15 dekabr "Nine Senses" incəsənət mərkəzində "Qobustan Kodları" sərgisi çərçivəsində AZBRAND-ın sponsorluğu ilə Qobustan fenomeninin tədqiqatına həsr olunmuş dəyirmi masa təşkil olunacaq.
Oxu.Az xəbər verir ki, tədbirdə arxeologiya, incəsənətşünaslıq, ekologiya və tarix sahəsində aparıcı mütəxəssislər bir araya gələrək Qobustanın sakral irsi haqqında öz fikirlərini bölüşəcəklər.
Tədbir Qobustana təkcə arxeoloji irs kimi deyil, həm də kainatın sirlərini aça biləcək kodlarla dolu müqəddəs məkan kimi baxmaq imkanı yaradacaq.
Dəyirmi masanın əhatə etdiyi əsas mövzular Qobustanın arxeoloji tapıntıları və onların tarixi əhəmiyyəti, Qobustanın qədim incəsənəti və onun simvolizmi, regionun qədim sakinlərinin kosmoloji təlimləri, simvollar və təsvirlərin alternativ izahları olacaq.
Aparıcı ekspertlər Qobustanın sirli irsi ilə bağlı fikirlərini bildirəcəklər.
Qobustan şamanı Tərlan Manafov "Qobustan kodu" mövzusunda çıxış edəcək.
Tarix elmləri doktoru, qayaüstü rəsmlər üzrə mütəxəssis Məlahət Fərəcova "Üçölçülü sirlər: Qobustan qayaüstü rəsmlərinin gizli süjetlərinin tədqiqatı" mövzusunu açacaq.
"Həyəcan" QHT-nin sədri, meşə biomüxtəlifliyi üzrə ekspert, WCPA/IUCN-nin Təbii Ərazilərin Mühafizəsi üzrə Beynəlxalq Komissiyasının üzvü Əliheydər Məmmədov "Paralel təkamül" adlı məruzə ilə çıxış edəcək. O, öz çıxışında Azərbaycanın qədim sivilizasiyalarını din, mifologiya və ənənələr prizmasından təhlil edəcək.
"Artefakt ovçuları" təşəbbüs qrupunun rəhbəri, ölkəşünas Sabit Coculu "Qobustan türk mədəni irsi" haqqında danışacaq, Qobustan nişanlarına xüsusi diqqət yetirərək, onların qorunması, abidə şəklində reyestrə daxil edilməsi və turizm marşrutları vasitəsilə təbliğat edilməsinin əhəmiyyətini vurğulayacaq.
Tarix elmləri doktoru Ceyhun Bayramlı "Şamanlıq, zərdüştçülük, sufizm və Qobustanın dünya sivilizasiyaları ilə əlaqəsi" mövzusunda çıxış edərək qədim Qobustanın dünya mədəniyyət və mənəviyyat mərkəzləri ilə qarşılıqlı əlaqələrini araşdıracaq.
İstedadlı fotoqraf və rejissor İlkin Zəfərlinin yaratdığı "Qobustan-3029" adlı bədii dioramanın təqdimatı tədbirin önəmli hissəsi olacaq. Bu unikal əsər Qobustanı uzaq gələcəkdə, 3029-cu ildə təsvir edir. Diorama tamaşaçıları xəyali reallığa aparır, burada müqəddəs torpaq mifologiya, müasirlik və futurizmi birləşdirən yeni formada göstərilir. Müəllif şəxsən əsərin yaradılması prosesindən, onu ilhamlandıran məqamlardan və miniatür detallarda yerləşdirilmiş gizli mənalardan bəhs edəcək. "Qobustan-3029" dioraması incəsənət, fəlsəfə və zaman sərhədləri arasında ilhamverici səyahət vəd edir.
Tədbirin sonunda qonaqlar rejissor Toğrul Avşarın Qobustanda çəkilmiş, Azərbaycanın sirli məkanına həsr olunmuş filmi ilə tanış olacaqlar. Film bu məkanın sənətkarın ilham mənbəyinə çevrilməsini nümayiş etdirir, rəssamı ilahi enerjinin bələdçisi, aktivatoru rolunda təqdim edir. Bu nümayiş bilik və ilhamla dolu bir günün möhtəşəm yekunu olacaq.
"Nine Senses" incəsənət mərkəzi alimləri, tədqiqatçıları, KİV nümayəndələrini və Azərbaycanın tarixinə marağı olan hər kəsi bu tədbirə dəvət edir.
Əlavə məlumat üçün:
Vebsayt: https://ninesenses.az/
Instagram: @9senses_azerbaijan
Email: [email protected]
Əlaqə nömrəsi:
+994 55 213 49 44 (Ələkbərova Lalə)
Rəylər