Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
On yeddi güllə ilə vurulan beş yaşlı qızcığaz, zamanın dayandığı qanlı gecənin izlərindən REPORTAJ + FOTO
Ömrü yarıda qalanların saatları, parça-parça olmuş məktəbli çantası, bədəni deşik-deşik edilən beş yaşlı qızın şəkli, güllə başlıqları, kimsənin yarasına çarə ola bilməyən tibb çantası...
Bütün bunlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yerləşən Memorial Soyqırımı Muzeyində qorunur. Bu gün keçmişə, bizim üçün hər zaman dəhşət doğuran xatirələrə qayıdacağıq...
Oxu.Az Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Memorial Soyqırımı Muzeyindən hazırladığı reportajı təqdim edir:
Divarlardakı rəsmlər, fotolar sanki dil açıb, bütün həqiqətləri insanlara çatdırmaq istəyir... 320 kvadratmetr sahəsi olan yerdə daha çox Xocalı soyqırımında şəhid olanlar barədə məlumatlara, əşyalara rast gəlinsə də, əslində, muzeydə dörd bölmə var - Tarix, Deportasiya-repressiya, Soyqırımı və Terror.
2014-cü il fevralın 24-də açılan muzeydə tarixi həqiqətləri əks etdirən sənədlər və əşyalar qorunur. Burada ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərin dünyada tanıdılması istiqamətində mühüm əhəmiyyət kəsb edən fotofaktlar sərgilənir.
Muzeyin girişində ziyarətçiləri “Xocalı fəryadı” adlı rəsm əsəri qarşılayır. Müəllifi Stanislav Şatikovdur. Təsvir insanın ürəyini parçalayır, sanki soyqırımı qurbanlarının imdad səsləri rəsmdən hayqırır...
Bir qədər irəlidə, Soyqırımı bölməsində dinc sakinlərin amansızcasına qətlə yetirildikləri o dəhşətli faciənin yaşandığı ərazilərin maketi sərgilənir. Bu, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri və keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının Xocalıya hücumunu əks etdirən yeganə maketdir.
Fotoların hamısı dəhşət saçır, ancaq biri bilaixtiyar adamı ağladır. Məsum bir körpənin dəlik-deşik edilmiş bədəni... Onun cəmi beş yaşı var idi... 17 güllə ilə amansızlıqla qətlə yetirilən beş yaşlı xocalılı qızcığaz, görəsən, ermənilərə nə etmişdi? Sadəcə, azərbaycanlı olmaq günahdırmı, qətl üçün bəhanədirmi?
Muzey xalqımıza qarşı törədilmiş soyqırımları, deportasiya, hərbi cinayətlər barədə azərbaycanlı və əcnəbi müəlliflərin kitablarından ibarət zəngin ədəbiyyat fondu ilə təchiz olunub. Bütün bölmələrdə məlumat mərkəzi quraşdırılıb. Həmçinin, muzeyin girişində Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar 2012-ci il fevralın 26-da Prezident İlham Əliyevin rəhbərliyi ilə 100 mindən çox insanın Xətai rayonunda ucaldılmış “Ana harayı” abidəsinə keçirilmiş yürüşünün irihəcmli fotoşəkli yerləşdirilib.
Burada azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin gördükləri işlərin və imzaladıqları sərəncamların nümayiş etdirildiyi guşə də yaradılıb.
Həmçinin, muzeydə ermənilərin ötən yüzillikdə Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzalarında törətdikləri vəhşiliklər haqqında dolğun məlumatları ehtiva edən sənədlər, fotolar var. Burada qəzaların əhalisi, müsəlman qırğınları üzrə Fövqəladə Təhqiqat Komissiyasının sənədləri, Rusiya imperiyası və İran dövləti arasında bağlanmış və Azərbaycanı ikiyə bölən Gülüstan və Türkmənçay müqavilələrinin surətləri, “Azərbaycan xalqına qarşı etnik təmizləmə və soyqırımı siyasətinin deportasiya və sürgün mərhələsi” kompozisiyası, 1930-cu illərdə repressiya qurbanı olmuş Azərbaycan ziyalıları və görkəmli şəxsiyyətlərinə qarşı açılmış cinayət işlərindən götürülmüş fraqmentlər, azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından son deportasiyasının fotoşəkilləri sərgilənir.
Muzeyin bir digər guşəsində isə faktlar üzrə aparılan cinayət işlərinin cildləri, hadisə yerinə baxış protokolları, erməni təcavüzkarların törətdikləri vəhşilikləri sübut edən sənədlər, ekspert rəyləri, ifadələr, meyitlərin fotoşəkilləri və eləcə də Xocalıda, Meşəlidə, Qaradağlıda və digər yaşayış məntəqələrimizdə törədilən cinayətlərin izlərini özündə əks etdirən əşyalar yer alıb.
Stendlərin birində Meşəlidə baş verən qətliamın lal şahidləri saxlanılır. Meşəlidə Novruzovlar ailəsinin beş üzvü vəhşicəsinə qətlə yetirilib. Ermənilər kəndə hücum edərkən hərbçi olduğu üçün Novruz Novruzovun ailəsini ilk növbədə hədəf alırlar. Ev sahibi ailəsini qorumaq üçün ermənilərə müqavimət göstərməyə çalışsa da, əzizlərini müdafiə edə bilmir, özü də şəhid olur, evinin içində yandırılır.
Onlardan geriyə qalan bir neçə geyim, qoparılmış hörük və bir evin, ocağın sönmüş çırağıdır... Fotoda gördüyünüz hörük Novruzovlar ailəsinin xanımına məxsusdur və öldürülən zaman vəhşicəsinə onun başından qopardılıb.
Burada, həmçinin, partlayıcı qurğular, güllə başlıqları və hadisə yerindən götürülmüş digər nümunələr də sərgilənir.
Muzeyin Repressiya bölməsində isə Mikayıl Müşfiq, Əhməd Cavad, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli kimi repressiya qurbanı olan ədiblərimizin fotoları yer alır. Bu vitrinlərdə saxlanılan sənədlər arasında Azərbaycanın yazıçı və şairlərinə, mədəniyyət xadimlərinə qarşı açılmış cinayət işlərindən çıxarışlar var.
Son olaraq qeyd edim ki, Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımı dünyada ən amansız qətliamlar sırasında yer alır. O dəhşətli gecədən 32 il keçməsinə baxmayaraq, Xocalı yarası hələ də qəlbimizi göynədir. Vəhşicəsinə qətlə yetirilən günahsız insanların ruhları isə ədalət yerini alanda, baiskarlar, qatillər layiqli cəzalarını alanda, bəlkə, rahatlıq tapa...
Bütün şəhidlərin əziz xatirəsinə dərin hörmət və ehtiramla. Allah rəhmət eləsin...
Daha çox foto burada: PhotoStock.Az
Könül Cəfərli