Qızmar yay günlərində suya tələbatın artdığı bir vaxtda Lökbatan qəsəbəsinin 6-cı yaşayış massivində su problemi yaşanır.
Sakinlərin Baku TV-yə bildirdiyinə görə, artıq 10 gündən çoxdur ki, əraziyə suyun verilişi dayandırılıb. Qəsəbə sakinlərindən biri hər yay eyni problemlə üzləşdiklərini söyləyib: "Yay gələn kimi həmişə bu cür korluq çəkirik, su problemi yenidən baş qaldırır. Ötən il vəziyyət nisbətən yaxşı idi, lakin bu il xeyli pisləşib".
Digər bir vətəndaş isə qeyd edib: "Artıq 10 gündür ki, su yoxdur. Ümumiyyətlə, burada heç vaxt daimi su olmayıb. Hamımız məcbur qalıb mühərrik quraşdırmışıq. Bütün məhəllə suyu pulla almaq məcburiyyətində qalıb".