Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Peşə təhsili müəssisələrinə 2024-25-ci tədris ili üzrə tələbə qəbuluna başlanılır
"İyulun 29-dan etibarən peşə təhsili müəssisələrinə 2024-25-ci tədris ili üzrə tələbə qəbuluna başlanılır".
Oxu.Az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov peşə təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı brifinqdə deyib. O bildirib ki, 84 müəssisəyə tələbə qəbulu aparılır:
"İlk dəfə olaraq Nazirlər Kabinetinin qərarı ilə peşə təhsili müəssisələrinə 31 minə yaxın qəbul planı təsdiq edilib. Qəbul yerlərinin 75 faizi dövlət sifarişli, 25 faizi isə ödənişli əsaslarladır. Qəbul planının 40 faizi Bakının, 60 faizi isə regionların payına düşür".
Agentlik rəsmisi bildirib ki, peşə təhsili almaq istəyən şəxslər 29 iyul-12 avqust tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməklə "Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu" xidməti vasitəsilə müraciət göndərməlidirlər. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün nəzərdə tutulub. Müraciət vaxtı avqustun 12-də saat 18:00-də bitir.
2024-25-ci tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas olmaqla 30 960 plan yeri üzrə aparılacaq. Bu yerlərdən 23 185 dövlət sifarişli, 7775-i isə ödənişlidir. İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında da tələbə qəbulu elektron şəkildə həyata keçirilir.
Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ilk və texniki peşə təhsili səviyyələri üzrə ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında, yüksək texniki peşə təhsili səviyyəsi üzrə isə buraxılış imtahanlarının nəticəsi əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum beş ixtisas üzrə seçim etmək imkanı yaradılır.
Daha çox foto burada: PhotoStock.az
Almaz Qasımova
"Peşə Təhsili üzrə Dövlət Agentliyi" teqi üzrə xəbərlər
- Nazirliyin tabeliyindəki kollec və peşə məktəblərinin siyahısına dəyişiklik edilib
- Sumqayıtda yeni direktor TƏYİNATI
- Peşə məktəblərinə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
- Peşə məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsahibənin nəticələri AÇIQLANDI
- Göyçay Peşə Liseyində YOXLAMA: Direktor müavini və baş mühasib işdən ÇIXARILDILAR
Rəylər