Normadan artıq çəki və ya piylənmə (obezlik) bütün dünyada və ölkəmizdə tezliyi epidemiya şəklində artan, müalicəsi çətin olan, bütün sistemlərə təsir edən xroniki, metabolik bir xəstəlikdir. Bədən kütləsi indeksi (BKİ) bir insanın çəkisinin onun boyunun kvadratına bölməklə əldə edilən ölçüdür, əgər indeks 25 kq/m2 ilə 30 kq/m2 arası və daha yuxarı olarsa, bu, obezlik sayılır.
Bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.
Mərkəzin Nefrologiya və Hemodializ Şöbəsinin müdiri, həkim-nefroloq Xəyalə Quluzadə qeyd edir ki, piylənmə qida ilə alınan enerjinin xərclənən enerjidən artıq olması nəticəsində bədənin yağlı kütləsinin artmasıdır.

Yəni bu zaman çəki artımı piy toxumasının artması hesabına olur. Piylənmə genetik meyil, hormonal səbəblər, yanlış qidalanma vərdişləri və oturaq həyat tərzi nəticəsində yarana bilər. Ancaq bu amillər arasında ən çox piylənməyə səbəb olanlar həddindən artıq qidalanma, qeyri-sağlam və oturaq həyat tərzidir:
“Piylənmə ciddi bir sağlıq problemidir, istər dolayı yolla, istərsə də birbaşa olaraq insan həyatını risk altına almaqdadır. Başda qan-damar sistemi olmaqla bütün orqanizmi, həmçinin böyrəkləri zədələyir. Araşdırmalar göstərir ki, piylənmə olan insanlarda xroniki böyrək xəstəlikləri digər əhali qrupuna görə 83% daha artıq görünməkdədir. Piylənmə ürək xəstəlikləri, şəkərli diabet, hipertoniya, yüksək xolesterol, obstruksiya, yuxu apnoesi, hipoventilyasiya (Pikvik sindromu), tromboemboliya, dərin vena trombozları, qaraciyər yağlanması, öd kisəsi xəstəlikləri, podaqra xəstəliyi, kalsifikasiya, müxtəlif xərçəng, miqren tutmaları, depressiya, digər psixi pozğunluqlar və s. kimi xəstəliklərə səbəb olmaqla ümumi əhali arasında ölüm riskini artırır və həyat keyfiyyətini aşağı salır”.
Həkimin sözlərinə görə, yüksək arterial təzyiq, şəkərli diabet, yuxu apnoesi kimi xəstəliklər də birbaşa böyrəklərin zədələnməsinə gətirib çıxarır:
“Piylənmə ilə bağlı böyrək xəstəliklərinin başlanğıcı asimptomatik və sakitdir. Bütün bunlarla bərabər, piylənmə olan insanlarda böyrəklər artıq çəkili orqanizmdə mübadilənin son məhsullarını süzərkən daha çox işləməli olur, bu da böyrəkdaxili təzyiq artımına və böyrəklərdən zülal itkisinə səbəb olur. Nəticədə bu xəstələrdə piylənmə ilə əlaqəli qlomerulopatiyaların yaranmasına səbəb olur. Piylənmə ilə əlaqədar böyrək zədələnməsi haqqında araşdırmalarda qlomeruli səviyyəsində zədələnmə ilə bağlı daha çox tədqiqat aparılıb, tubulopatiyanın inkişafını araşdıran tədqiqatlar məhduddur. Bu, xəstələrdə çəki verdikcə proteinuriyada da azalma izlənməkdədir”.
Xəyalə Quluzadə həmçinin bildirir ki, piylənmə olan xəstələrdə böyrək daşlarının, böyrəklərin bədxassəli şişlərinin yaranması riski də digər insanlara nisbətən daha çoxdur:
“Belə insanlarda təhlükəsiz və sağlam şəkildə arıqlamaq, həftədə ən az 300 dəqiqə fiziki fəaliyyət, həftədə ən az iki dəfə əzələgücləndirici hərəkətlər, sağlam qidalanma və qida porsiyasına nəzarət, hətta bəzi hallarda piylənmə (arıqlama) əməliyyatı tövsiyə olunur. Piylənmənin qarşısını almaq üçün tövsiyələrə yağ və şəkərdən enerji qəbulunun məhdudlaşdırılması, təzə meyvə və tərəvəzlərin istehlakının artırılması və müntəzəm fiziki fəaliyyətlə məşğul olmaq (uşaqlar üçün gündə 60 dəqiqə, böyüklər üçün isə həftədə 150 dəqiqə) daxildir”.