Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Psixoloq: "Sağlam və xoşbəxt münasibət qurmaq üçün bir neçə əsas prinsipi bilməliyik"
30 iyun Azərbaycanda Milli Sevgililər Günü kimi qeyd olunur. Bu tarix 1989-cu ilin iyun ayının 30-da ailə quran İlham və Fərizə ilə bağlıdır. 1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ölkəmizdə sevginin, sədaqətin simvolu kimi hesab edilir.
Sevgi insanın emosional, ruhi və sosial rifahına əhəmiyyətli dərəcədə təsir edir. Sevgi münasibətlərinin müxtəlif formaları və tərifləri zaman və mədəniyyətə görə dəyişsə də, onun əsas mahiyyəti insanın başqalarına və özünə olan dərin bağlılığı və ehtiramını ifadə etməkdir.
Psixoloq Təhminə Çələbi Oxu.Az-a müsahibəsində deyir ki, sağlam və xoşbəxt münasibət qurmaq üçün bir neçə əsas prinsipi nəzərə almaq vacibdir. Bu prinsiplər həm partnyorlar arasındakı əlaqəni gücləndirir, həm də qarşılıqlı hörmət və sevgi üzərində qurulmuş bir münasibət yaradır. Onun sözlərinə görə, sevgidə təkcə tərəflərin olması kifayət deyil, əsas olan onlar arasındakı münasibətdir:
"Ümumiyyətlə, sevgi iki insandan ibarət deyil, üçüncü tərəf də var ki, bu da onların münasibətidir. Münasibət elə bir şeydir ki, daim onun üzərində işləmək lazımdır. Bəzən seansa gələndə deyirlər ki, son zamanlar münasibətimiz korlanıb. Pis olanda fərqinə varırlar. Ancaq bu belə olmamalıdır, münasibətlər normal olanda da daim nəzarətdə saxlanılmalıdır. Sanki bağban öz bağına baxır. Münasibət də bunun kimi olmalıdır".
Heç bir cütlüyün ideal olmadığını deyən psixoloqun sözlərinə görə, sosial şəbəkələrdə xoşbəxt kimi görünən ailə tablolarına baxaraq, münasibətləri korlayanlar da az deyil:
"Hazırda bloqerlik fəaliyyəti ilə məşğul olan bir çox ailələr var, onlar reklam xətrinə, yaxud da başqa məqsədlər üçün gəzirlər, vaxtlarının çox hissəsini restoranlarda keçirirlər, sanki hər şey normaldır və onların ailələrində heç bir problem yoxdur, çox xoşbəxtdirlər. Təbii ki, belə olmasını çox istərdik. Amma pərdəarxasında elə deyil, onların da ailələrində bir çox problemlər var. Bəziləri sosial şəbəkələrdə bu "möhtəşəm ailə tabloları"nı görərək, özlərini onlarla müqayisə edir və öz münasibətlərini gözdən salırlar. Birincisi, müqayisə etməmək gərəkdir. İkincisi, təbii ki, hər bir münasibətdə xoşagəlməyən məsələlər olur və açıq ünsiyyətlə bunları danışmaq lazımdır. Qarşı tərəfə narazılıq bildirəndə də mütləq şəkildə insan öz adından danışmalıdır. Məsələn, demək olar ki, sənin bu hərəkətin mənim xoşuma gəlmir və mən özümü pis hiss edirəm. Mən düşünmürəm ki, sən kobudsan, sadəcə mən inciyirəm. Bu şəkildə fikirlərini aydın izah etmək lazımdır. Hər kəs öz duyğularını açıq deyəndə, təbii ki, qarşısındakı insan da ona uyğun hərəkət etməyə başlayacaq. Bu, çox önəmlidir. Üçüncüsü, bir yerdə gözəl zaman keçirərkən, hər iki tərəfin zövq aldığı şeylərdən istifadə etmək lazımdır. Məsələn, kişi futbolu sevir, qadın isə dəbi. Cütlüklər bunların birləşməsindən bir şey ortaya gətirə bilərlər. Yaxşı münasibət birlikdə yeniliklər axtaran cütlüklərdə olur. Bəzən buna heç maddiyat da lazım deyil. Yeni bir yerə gedirlər, yeni bir şey kəşf edirlər. Bu, onları əyləndirməyə başlayır".
Təhminə Çələbi deyir ki, partnyorunuzun sevgi dilini öyrənmək münasibətlərdə əsasdır:
"Hər insanın gözləntisi fərqlidir. Şəxslərə görə sevgi anlayışı dəyişir. Mənə görə sevgi anlayışı başqadır, qarşımdakı insana görə başqa. Mənə görə o, gecə-gündüz "səni sevirəm" deməlidir, digəri isə sevgini evə vaxtında gəlməklə, xoşladığı yeməyi hazırlamaqla, zəng edib əhvalını soruşmaqla göstərir, amma "səni sevirəm" sözünü istifadə etmir. Fərqli sevgi dilləri nədir? Bir şeyi anlamalıyıq ki, hər insanın özünə görə sevmə tərzi var. "O, məni sevmir" demək olmaz. Cütlüklər bir-birinin sevgi dilini bilməli, ona uyğun davranmalıdırlar. Elə insan var ki, sözdə sevgi onun üçün heç nədir. Davranış, hərəkət varsa, onu xoşbəxt edir. Elə insan var ki, daim o sözləri eşitmək istəyir, bu da onun sevgi ehtiyacıdır. Bunlar da çox önəmlidir. Qarşındakı insan "audial"dırmı, eşitdiyi sözlərdənmi xoşbəxt olur, sevgi dili budurmu? Əgər bu insan "vizual"dırsa ona sevgini davranışda göstərmək lazımdır. Üçüncü kateqoriya isə "kinestik"lərdir. Bu insanlar tamamilə romantika vurğunudurlar. Bu insanlar romantikanı dərindən hiss edən, empati quran, toxunaraq sevgisini göstərən insanlardır ki, mütləq bir-birilərinin əlini tutmalıdırlar. Partnyorunuzu tanımaq üçün bu şeylərə riayət etmək lazımdır".
Psixoloqun sözlərinə görə, ən uğurlu cütlüklər evlilik öncəsi psixoloqa müraciət edənlərdir. Onlar bu yolla bir-birinin sevgi dilini aşkarlayırlar:
"Ən uğurlu cütlüklər evlilikdən öncə psixoloqa gedənlərdir. Bir-birinin sevgi dilini aşkaralayırlar. Bundan sonra otaqdan o qədər xoşbəxt çıxıb evlənməyə doğru gedirlər ki, artıq elə bil ki, evlilikdə ola biləcək bütün böhran dövrlərini anlayır və onları keçməyə hazır olurlar. İdeal münasibət yoxdur. Heç kimlə özünüzü müqayisə etməyin, bir-birimizi tanıyaraq, olduğu kimi qəbul edərək, həyatın dadını çıxardın. Münasibət savaşmaq üçün, qıcqanclıq səhnələri üçün qurulmur. Həyati keyfiyyətləri yuxarı qaldırmaq üçün qurulur. Ən gözəli həyatınızı əl-ələ verib gözəlləşdirməkdir.
Bir sözlə, münasibətlərdə yaxşı ünsiyyət, ortaq dəyərlər kimi amillər vacibdir. Bu sahələrdə işləmək cütlüklərin xoşbəxtlik səviyyəsini artıra bilər. Hər zaman sevin və sevilin! Sevgi gününüz mübarək!
Almaz Qasımova
Rəylər