Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Qadın alimentə görə boşanır
Kubra Məhərrəmova yazır...
Bu günümüzü deputat Razi Nurullayevin açıqlaması ilə açdıq: "Bəzən boşanmalara səbəb qadınların daha çox sərbəst qalmaq istəməsidir". Bu fikirləri deputat Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı deyib.
Daha sonra əlavə edib ki, ona müraciət edənlərin 10-dan 8-i boşanmaq istəyən qadınlar olur: "Onlar deyir ki, mən boşanaraq aliment almalıyam. Aliment qadınların boşanmasını stimullaşdırır. Düşünürəm ki, Aliment Fondu yaradılmalıdır və bundan sui-istifadə edənlər isə qanunvericiliklə cəzalandırılmalıdırlar".
Maraqlı fikirdir, özü də müdrik yaşda olan adamdan. Maraqlıdır ki, deputat niyə xeyli sayda kişilərin evdə zorakılıq törətməsindən, içki və digər qadağan olunan maddələrdən asılı olmasından, işləmək istəmədiyindən, ailə məsuliyyətini daşımaqdan boyun qaçırmasını dilə gətirməyib.
Qayıdaq aliment məsələsinə. Qeyd edim ki, 2024-cü ildən etibarən Azərbaycanda alimentin minimum məbləği 220 manatdan 235 manata qaldırılıb.
Əgər kimsə böyük məbləğdə olan alimentlərdən danışırsa, nəzərə alın ki, o adamlar xahiş-minnətə deputatın qəbuluna getmir.
İndi deyin görək, 235 manatla bir uşağın bir aylıq xərclərini ödəmək mümkündürmü?
Ortalama ətin kilosu 18-20 manat, kərə yağının kilosu 18-20 manat civarındadırsa bir hansı aliment stimulundan danışa bilərik? Meyvə-tərəvəzin, yuyucu vasitələrin də qiyməti göz önündədir.
Hələ bu xərclər siyahısına uşağın geyimi, xəstə olduğu zaman dərmanı, həkim və digər müayinələri əlavə etmirik. Məktəb və ya bağça xərcləri isə ümumiyyətlə nəzərə alınmır.
Biz uşağın əyləncəsi və oyuncaqlarını bu xərclər siyahısından silmişik.
Bu məbləğ heç minimum xərci ödəmirsə, bu "stimullaşdırma" iddiası necə ortaya çıxır?
235 manata həm ana, həm də uşaq yaşaya bilərmi?
Nəzərə alsaq ki, çox zaman bizim reallıqda boşanan qadınlara keçmiş əri tərəfindən ev və digər daşınan və daşınmaz əmlaklar verilmir (çox nadir halda kişilər övladları üçün nələrisə qoyurlar).
Əksər qadınlar boşanandan sonra ya ata evinə dönür, ya da kirayə qalır, özünü və övladını təmin etmək üçün işləməyə başlayır. Uşaq yenə ortada qalır.
Elə burada illər əvvəl buraxılan boşluqlar üzə çıxır. Ərə gedən qadının təhsili varmı? Hər hansı peşə biliyi varmı? Təcrübəsi necə? Xarici dil biliklərinə malikdirmi? Bəs əmək bazarında yaşanan rəqabətə necə?
Bu siyahını çox uzatmaq olar. Amma və lakin orta statistik boşanan qadınların əksəriyyəti savadsız, peşəsiz, təcrübəsiz adamlardır.
Bu zaman isə ortaya başqa eybəcər tablolar çıxır. Çarəsiz və savadsız qadını nəyəsə məcbur etmək çox asandır. Gözümüzün önündə yüzlərlə nümunə var.
Digər tərəfdə isə son zamanlar uğur qazanmaq, karyera qurmaq istəyən qadınlara qarşı sanki bir kampaniya aparılır. Kişilərə mesaj verilir ki, qadın işləməsin, evdə otursun, uşaq doğsun (bəli, məhz bu ifadə), mətbəxlə əlləşsin, səndən asılı olsun. Və bununla bərabər qadınların beynini doldurmağa çalışırlar ki, sən kişi olmadan heç kimsən, avarasan, nə qədər pul qazansan da cəmiyyətdə hörmətin olmayacaq. Sənə "yetim" kimi baxacaqlar. Mütləq "ərə getməlisən".
Ərə getməyən gənc qızlara qarşı daha amansız "mübarizə" aparılır. Hər vəchlə mütləq şəkildə ərə getməsi, övlad dünyaya gətirməsi çox zaman ailəsi və yaxınları tərəfindən təbliğ olunur. Bəzən fiziki və emosional təzyiq də göstərilir.
O zaman sual yaranır. Əgər bir qız övladını valideynləri sadəcə ər evində ərə, uşağa qulluq göstərəcək adam keyfiyyətində görürdüsə, o zaman niyə 11 il məktəb, 3-4 il müəllim yanına hazırlıqlara getməyə, 4 il bakalavr oxumağa vadar edirdi?
Axı bu zaman və maddi resursların boşa xərclənməsi deməkdir. Sırf iqtisadi baxımdan uyğun deyil. Kapital boşuna xərclənib.
Çünki orta hesabla bakalavr səviyyəsini bitirmiş bir qız, ərə getdiyi təqdirdə qayınanası və elə öz anasının da təzyiqi olmaq şərtilə ən optimal müddətə 9 aya dünyaya uşaq gətirməlidir. Daha sonra 5 yaşına qədər uşağa özü baxmalıdır. Sonra bağça-məktəb proseslərində iştirak etməli, paralel olaraq daha bir və ya iki uşaq dünyaya gətirməlidir.
Beləliklə, yüksək demirəm, heç olmasa orta təcrübəyə malik ola biləcək ali savadlı kadr öz zəifliyindən və ya kənar insanların müdaxiləsi nəticəsində iş və karyera həyatını tərk edir.
Hər kəs seçimində azaddır deyib, keçirik. Amma ortaya boşanma prosesi düşəndə yenə təzyiq altında uşaqlar və qadın qalır.
Çünki cəmiyyət bütün hallarda kişinin tərəfində yer tutur. Elə qanun da. 235 manat aliment və azadsan.
Kişi yenidən evlənə bilir. Qadın isə başını aşağı salıb uşaqlarını böyütməlidir. Və arzu olunandır ki, "saçını süpürgə" eləsin.
Xəyalən 15-20 əvvələ qayıdan qadın isə həyatının boşluğunu və bəlkə də ən böyük səhvini görür. Bakalavr təhsilindən sonra ərə yox, magistr təhsili üçün xaricə getsəydi indi onun həm böyük iş təcrübəsi, həm də müəyyən kapitalı var idi.
Ən azından bank hesabında normal məbləğ, ən yaxşı halda daşınmaz əmlak.
Amma indi onun heç nəyi yoxdur. Üstündə iki və ya bir uşaq var. İş təcrübəsi, karyera, kapital əldə etmək şansı göyə sovrulub. Hələ itirilən illəri demirik.
O, həyata yenidən başlamalıdır. Uşaqlarını yerbəyer etməli, özünə gün ağlamalı, qocalığını təmin etməlidir.
Sizə elə gəlmir ki, 235 manat aliment bu aspektdən çox gülməli görünür?
Ömrünün müəyyən hissəsini ailəsinə sərf edən qadın sonunda üzərində böyük məsuliyyət və "stimullaşdıran" 235 manatla qalır.
Bəli, bu gün Azərbaycanda boşanma halları çoxalıb və kütləvi hal alıb. Deməli bu məsələyə bir əncam çəkilməlidir. Lakin hər şeyi qadının üstünə atmaq da zənnimcə çıxış yolu deyil.
Bütün hallarda qadınlar bizim cəmiyyətdə əzilən tərəfdir. Çünki belə olmasaydı kişilər qarlı-qışlı günlərdə küçələrə yaşlı qadınları çıxarıb, əlinə beli verib buzları təmizlətdirməzdi. Mənim üçün bu göstərici ən doğru indikatordur.